Kötəklənən qadınlar
16 Mart 2011 Çərşənbə 23:10
Azərbaycan cəmiyyətində hələ də "ər arvadını döyər də, söyər də" kimi stereotiplər mövcuddur
Statistikaya görə, hər 6 qadından biri əri tərəfindən zorakılığa məruz qalır. Amma burada diqqəti çəkən başqa bir məqam isə döyülən Azərbaycan qadınının bunu normal qarşılaması və hər kəsdən gizlətməsidir. Bunu etməklə öz abırını qoruduğunu düşünən xanımlarımız övladlarının gələcəyini təhlükəyə atdıqlarının fərqinə varmır.
Kötəyi yerə qoymayan kişilərin və ərindən tez-tez kötək yeyən qadınların, müasir dillə desək məişət zorakılığına məruz qalanların sayında əslində ötən əsrdən bu əsrə bir o qədər də fərq görünmür. Əksinə, bir neçə il əvvəllə müqayisədə hazırda bu sayda artım da müşahidə olurur. Ötən il vətəndaş cəmiyyəti institutlarına müraciət nəticəsində təkcə 800 döyülmə faktı aşkarlanıb. Statistika göstərir ki, qadınlara qarşı cinayət əməllərinin sayı əgər 2006-ci ildə 3400-ə qədər idisə, keçən il bu rəqəm 6400-dən artıq olub.
Psixoloqlar deyir ki, hazırda cəmiyyətdə bu məsələ ilə bağlı müəyyən stereotiplər var. Yəni ər arvadını döyər də, söyər də. Şəhər sakinləri arasında keçirilən qısa sorğu da deməyə əsas verir ki, bu cür düşünənlər yetərincə çoxdur.
Mütəxəssislərə görə, qadınların ailədə şiddətə qarşı ciddi müqavimət göstərmələri və əks cinsin onlara olan zorakı münasibətini dəyişməsi üçün qadınların özünə güvəni mütləqdir. Bunun üçünsə ilk növbədə ictimai dəstəyə ehtiyac var.
Qadınlara qarşı zorakılıqla bağlı hüquqi prosedurların ötən il qəbul olunan “Məişət zorakılığı haqqında” qanunla tənzimlənməsi nəzərdə tutuulr. Amma 2010-cu ildə qəbul olunan məişət zorakılığı ilə bağlı qanunda zorakılığa məruz qalan qadınlar üçün yardım mərkəzləri , sığınacaqların yaradılması nəzərdə tutulsa da, hələlik belə mərkəzlər fəaliyyətə başlamayıb.
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimovanın sözlərinə görə, hazırda komitənin tərkibində 11 dəstək mərkəzi var. “Burada bilavasitə ailədaxili münasibətlərdə psixoloji xidmətlərdən istifadə edilir. Ailələrə dəstək göstərilir, problemli ailələr qeydiyyata alınır və onlara yardım göstərilir”, - deyə şöbə müdiri əlavə edib.
Qeyd edək ki, BMT-nin əhali fondunun məlumatına görə hər il dünyada zorakılıqdan 1200-ə yaxın qadın ölür, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür.
DOSTLARINLA PAYLAŞ: