Komaya düşən azərbaycanlı öldü
17 İyul 2014 Cümə Axşamı 01:19
Bədbəxt hadisə Qaradağ rayonunda yerləşən betonqarışdırma zavodunda qeydə alınıb.
Bir ay öncə işlədiyi şirkətdə başından aldığı travma səbəbindən komaya düşən Nazim Əhmədov dünən gecə saatlarında dünyasını dəyişib.
ANS TV-nin məlumatına görə, hadisə Qaradağ rayonunda yerləşən betonqarışdırma zavodunda qeydə alınıb. Mərhumun ölümünün istehsalatda bədbəxt hadisə səbəbindən baş verdiyi bildirilsə də yaxınları bununla razılaşmır.
Atasının “AS İnşaat-N” şirkətində gözətçi vəzifəsində çalışdığını deyən oğlu Əlibala Əhmədov onun qəsdən öldürüldüyünü iddia edir. Müsahibimin sözlərinə görə, atasının heç kimlə ədavəti olmayıb, sadəcə tez-tez iş yerində xoşagəlməz halların qaçılmaz olduğunu deyirmiş.
Hadisə yerinə baş çəkdik, amma qapıdakı gənc gözətçi bizə rəhbərliyin ifadəsinin alınması üçün prokurorluğa çağırıldığını bildirdi. Telefonla əlaqə saxladıq, prokurorluğa çağırılan şəxs əvvəlcə gələcəyini bildirsə də sonra nədənsə fikrindən daşındı. Xeyli gözlədikdən sonra məlum oldu ki, rəhbərlik məsələ ilə bağlı heç bir məlumat vermək istəmir.
Qaradağ Rayon Prokurorluğundan bildirdilər ki, hadisə ilə əlaqədar artıq cinayət işi başlanılıb. Betonqarışdırma zavodunun hər iki rəhbəri dindirilməsi üçün prokurorluğa dəvət olunub.
Faktla bağlı araşdırmalar isə davam edir.
DOSTLARINLA PAYLAŞ: