İranın Bakıdakı səfirliyinin qarşısında daha bir aksiya keçirilib
02 Sentyabr 2011 Cümə 16:22
Gənclər Urmiya gölünün qurudulmasına etiraz edir
Bu gün günorta saatlarında bir qrup gənc İranın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirib. ANS PRESS-in məlumatına görə, aksiya iştirakçıları İçərişəhər metrostansiyasının qarşısından İranın Bakıdakı səfirliyinin binasına doğru yürüş ediblər. Aksiyanın keçirilməsində məqsəd Cənubi Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz etmək və orada yaşayan soydaşlarımıza dəstək vermək olub. Aksiyada 20-yə yaxın gənc iştirak edib.

Gənclər aksiyanın qətnaməsini oxuyaraq, qətnamənin sürətini səfirliyə təqdim etmək istəyiblər. Lakin səfirlikdən qətnaməni qəbul edən olmayıb. Bu üzdən qətnamə səfirliyin poçt qutusuna atılıb.

Polis aksiyanın qarşısını alıb.

Qeyd edək ki, Urmiya şəhərindən 30 km aralıda dünyanın ikinci böyük duz gölü olan Urmiya gölü yerləşir. Son 10 ildə Urmiya gölünün 80 faizi quruyub. Göl hazırda sürətldə qurumaqda davam edir.
“Urmiya gölü dünyanın ikinci duzlu gölü kimi YUNESCO tərəfindən təbii xəzinə kimi tanınır. Yuxarıda bildirdiyimiz kimi Urmiya gölü son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsilə qarşı-qarşıya qalıb. Belə ki, əkinə yararlı torpaqların suvarılması üçün gölə axan təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli sayda su bəndlərinin tikilməsi, gölün üzərindən Təbrizlə Urmiyanı birləşdirən körpünün çəkilməsi və s. nəticəsində hazırda göldə suyun səviyyəsi 7 mert aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Eyni zamanda Urmiya gölünün 150 hektarı artıq duz səhrasına çevrilib. Hətta mütəxəssislər də ciddi tədbirlər görülməyəcəyi təqdirdə gölün 6-7 il ərzində yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər. Bu da ərazinin tamamilə səhraya çevrilməsinə və müxtəlif problemlərin yaranmasına gətirib çıxaracaq”, - deyə gənclərin yaydığı bəyanatda vurğulanıb.

Bəyanatda qeyd olunur ki, 102 adası olan Urmiya gölü flaminqo və ağ pelikan kimi bir çox quşların yaylağı olmaqla bərabər, dünyanın nadir və qiymətli su canlılarından olan artemianın yaşayış məskənidir. Ekoloji qeydiyyata görə, Urmiya gölündə 546 növ bitki mövcuddur. Hazırda göldə yaşanan bu böhranlı vəziyyət artmianın, bir çox quşların sayının azalmasına səbəb olub və onların nəslinin kəsilməsi təhlükəsini artırıb. Urmiya gölünün suyunun çəkilməsi duzlaqların ortaya çıxmasına səbəb olub. Küləklər vasitəsilə ətrafa yayılan duzlar həm insanların səhhətinə mənfi təsir göstərir, həm də əkin sahələrini yararsız hala salır. Bununla da Cənubi Azərbaycandakı münbit ərazilərin ekoloji tarazlığı pozulur. Bu problemlə əlaqədar bir çox rəsmi və qeyri-rəsmi müraciətlərə baxmayaraq, İran rejimi gölün məqsədyönlü sürətdə qurudulmasında israrlı görünür.



DOSTLARINLA PAYLAŞ:

oyunlar