İki qızını öldürən ataya ömürlük həbs cəzası verilə bilər
30 Yanvar 2012 Bazar Ertəsi 21:29
Lənkəranda qatil atanın cinayət işi üzrə ilkin məhkəmə hazırlıq iclası keçirilib.
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı Əntiqə Xankişiyevanı döyərək xəsarət yetirdikdən sonra iki azyaşlı qızını yastıqla boğaraq qətlə yetirməkdə təqsirli bilinən Lerik rayonu Kürdəsər kənd sakini, 37 yaşlı Süleymanov Əmrah Xıdır oğlunun cinayət işi üzrə ilkin məhkəmə hazırlıq iclası keçirilib. Hakim Xanməd Nuriyevin sədrliyi ilə baş tutan iclasda zərərçəkən və onun yaxınları, təqsirləndirilən şəxs və onun vəkili, o cümlədən dövlət ittihamçısı Azər Abbasov iştirak edib.
Zərərçəkən Əntiqə Xankişiyeva əri Əmrah Süleymanovun iki azyaşlı qızının ölümündə təqsirkar olması faktını təsdiqləyib. Hazırlıq iclasında Əmrah Süleymanovun məhkəməyə verilməsi ilə bağlı qərar qəbul olunaraq ilk proses fevralın 13-nə təyin edilib.
Qeyd edək ki, Əmrah Süleymanov qəsdən sağlamlığa zərər vurma, xususi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə, 2 və daha çox şəxsi öldürmə və təqsirkar şəxs üçün aşkar şəraitdə köməksiz vəziyyətdə adam öldürmə maddələri ilə təqsirli bilinir. İrəli sürülmüş ittihama görə, Əmrah Süleymanovu 12 ildən 15 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
DOSTLARINLA PAYLAŞ: