Heyvan oğurlayan şexs cadugar çıxdı
26 İyun 2013 Çərşənbə 17:27
Bu şəxs sakinlər üçün canavarın “ağız bağlama” duasını da yazıbmış.
Lənkəranda kənd camaatının mal-qarasını oğurlayan şəxs yaxalanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, sakinlərin mal-qarasına qənim kəsilən, kənddə seyid, inanclı kimi tanınan bu şəxs sakinlər üçün canavarın “ağız bağlama” duasını da yazıbmış.
Lakin bu cadu polisə işləməyib. Lənkəran rayon polis şöbəsinin əməkdaşları maraqlı oğurluq hadisəsinin üstünü açmağa nail olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində Osaküçə kənd sakini 36 yaşlı Mirzəşah Kazım oğlu Kazımov saxlanılıb. Mirzəşah Kazımovun ətrafında aparılan araşdırma zamanı məlum olub ki, bu şəxs yaşadığı kənddə sakinlərə məxsus 7 baş iri buynuzlu mal-qaranı oğurlayıb.
Maraqlısı isə Mirzəşah Kazımovun kənd sakinlərinə canavarın “ağzını bağlamaq” üçün dua yazmasıdır. Lənkəran şəhər polis şöbəsinin istintaq bölməsinin rəisi Polad Mehdiyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumatda bildirilir ki, həmin şəxs vətəndaşlara umumi 3 min manat dəyərində ziyan vurub. Hüquq-mühafizə orqanlarının apardığı araşdırma nəticəsində oğurlanan mal-qaranın bir qismi Masallı bazarında aşkar edilərək sahiblərinə qaytarılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: