Həbs edilmiş gənc fəalların məhkəməsi başlayır
27 Avqust 2009 Cümə Axşamı 11:00
Cinayət işi üzrə məhkəmə sentyabrın 4-də keçiriləcək
Həbs edilmiş gənc fəalların cinayət işi üzrə məhkəmə prosesinin vaxtı və hakimi məlum olub. Səbail rayon Məhkəməsindən ANS PRESS-ə verilən məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 4-ə təyin edilib. İşə hakim Araz Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Emin Milli (Abdullayev) və Adnan Hacızadəyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, iyulun 8-də içkili vəziyyətdə olan Adnan Hacızadə, Emin Abdullayev və daha 5 nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nəlayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan Vüsal Məmmədov və Babək Hüseynova qarşı fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri törədiblər. Hadisə yerinə polis əməkdaşları gələnədək Adnan Hacızadə ilə birlikdə olan 4 nəfər qaçıb, 3 nəfər isə saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilib. Müvafiq tibbi müayinələrlə Adnan Hacızadənin orta, Orxan Qafarovun isə yüngül sərxoşluq vəziyyətində olmaları, Emin Abdullayev, Vüsal Məmmədov və Babək Hüseynovun spirtli içki qəbul etmədikləri müəyyən olunub. Hadisə nəticəsində xəsarət alan Babək Hüseynova ilkin tibbi yardım göstərilib, Vüsal Məmmədov isə kəllə-beyin silkələnməsi diaqnozu ilə stasionar müalicəyə yerləşdirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər və həbslərinin sifarişli olduğunu bəyan ediblər.
DOSTLARINLA PAYLAŞ: