Göyçayun 16 kəndinin əhalisi içməli suya həsrətdir
27 Avqust 2011 Şənbə 04:35
21 əsrdə sakinlər suvarma suyunu zəylə duruldub içir
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Göyçay rayonu ilə bağlı içməli su məsələsi də daxil olmaqla, 15 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Rayonun 55 kəndindən 18-də içməli su mənbəyinin olmaması barədə dəfələrlə deyilib və yazılıb. Çaxırlı kəndində isə ləng də olsa bu işə başlanıldı. Digər kəndlərin su problemi isə hələ də qalır.
Xatırlatmaq lazımdır ki, “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi” ilə bağlı heç bir əməli tədbir görülmədiyinə görə regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramından II Dövlət Proqramına (2009-2013-cü illər) keçirilib. 2004-2008-ci illərdə həyata keçirilməli olan layihə 2011-ci ilin sonlarına doğru da hərəkətə gəlməyib (Bəydövül və Çaxırlı kəndləri istisna olmaqla).
Hələ də 16 kəndin əhalisi içmək üçün suvarma suyundan istifadə edir. Həyətlərin çoxunda hovuz tikilib, həmin hovuza doldurulan suvarma suyuna zəy atırlar ki, suyu mümkün qədər durultsunlar. Bundan sonra isə qaynadıb içmək məcburiyyətindədirlər. Bəzi ailələr bu problemi suyu daşdan süzməklə həll etməyə çalışır. Maddi imkanı olanlar isə içməli suyu pulla alırlar. Ümumilikdə isə əlaqədar təşkilatların ürəklərinə insaf düşəcəyi günü həsrətlə gözləyirlər. Bu "əlaqədar təşkilatlar" deyilən ünvanlara dəfələrlə müraciət olunsa da, Mirzəhüseynli, Alpoud, Bığır, Türkmən, Şıxəmir, Kürdşaban, Qaraman və Veysəlli kəndlərinin sakinlərinin gözləri hələ də yollardadır. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Göyçay Rayon İcra Hakimiyyətinə göndərilən məktubda bildirilmişdi ki, birinci mərhələdə yuxarıda adları çəkilən kəndlərin içməli su məsələsi həll ediləcək. Birinci mərhələ ala-yarımçıq qaldığına görə, ikinci mərhələdə nələr olacağı barədə danışmaq real görünmür. Başqa sözlə, hər iki mərhələdən “su uman” sakinlər Yuxarı Şirvan kanalına və Göyçay çayına baxa-baxa qalıblar ki, görəsən, həmin mənbələrdən çəkilməli və sutəmizləyici qurğular vasitəsilə evlərə ötürülməli olan içməli suyun “bəxti” nə vaxt açılacaq?
Xatırladaq ki, ötən il Prezident İlham Əliyev Göyçay rayonuna səfər edərkən Göyçay şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə də tanış olmuşdu. Prezidentə məlumat verilmişdi ki, layihənin həyata keçirilməsi nəticəsində şəhər əhalisi keyfiyyətli su ilə təmin ediləcək, bütün ərazi kanalizasiya şəbəkəsi ilə təmin olunacaq.
Göyçay RİH başçısının iqtisadiyyat məsələləri üzrə müavini Ədalət Dövlətovdan öyrəndik ki, nəzərdə tutulan işin heç yarısı belə yerinə yetirilməyib.
Asiya İnkişaf Bankının Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi, daha doğrusu, keçirməli olduğu bu layihə nə qədər insanın həyatına rahatlıq gətirərdi! Axı nə zamana qədər suvarma sularına zəy ata-ata ümidlə yaşamaq olar?
Gəlin inanaq ki, bundan sonra hər kəs öz vəzifə borcunun mahiyyətini dərk etməyə, gec də olsa, görməli olduğu işi görməyə başlayacaq!
DOSTLARINLA PAYLAŞ: