Xaçmaz rayonunda ev quşları arasında kütləvi təlafat faktı qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, son günlər rayonun bəzi kəndlərində ev quşları, xüsusilə də toyuqlar naməlum səbəblərdən ölürlər. Son belə fakt isə rayonun İlxıçı kəndində qeydə alınıb. Belə ki, kənddə 20-yə yaxın ev quşu tələf olub. Kənd sakinləri quşlara taun xəstəliyinə qarşı iynə vurdurduqlarını desələr də, bunun nəticəsi olmayıb.
Xaçmaz rayon Baytarlıq İdarəsinin rəisi Nəsib Mahmudovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, quşlar arasnıda heç bir təhlükəli xəstəlik yoxdur. Onların ölməsinə səbəb isə Askardioz adlı quş xəstəliyidir. Onun sözlərinə görə, sakinlərdən biri ölü qüşlarının cəsədlərini yandırıb, qalan quşların cəsədləri isə idarə tərəfindən məhv edilib. İdarə rəisi növbəti dəfə belə hal qeydə alınarsa, cəsədlərdən patoloji nümunələr götürüləcəyini bildirib. /ANS PRESS/