Erməni tələbələr Türkiyə səfirliyi qarşısında aksiya keçirəcəklər
20 Aprel 2011 Çərşənbə 12:40
Aksiya iştirakçıları qondarma soyqırımının qəbul edilməsini tələb edəcəklər
Gürcüstan erməni tələbə assosiasiyası Türkiyə Respublikasının Gürcüstandakı səfirliyi qarşısında qondarma erməni soyqırımı ilə bağlı etiraz aksiyası keçirməyi planlaşdırır. ANS PRESS "Armenia Today" saytına istinadən xəbər verir ki, aksiyanın aprelin 24-də saat 14:00-da keçirilməsi qərara alınıb. Aksiya iştirakçıları qondarma soyqırımının qəbul edilməsini tələb edəcəklər.
Assosiasiya digər tələbə təşkilatlarını da onlara qoşulmağa çağırıb.
Erməni lobbisinin fəaliyyəti nəticəsində bütün dünyanın dilinə düşən 24 aprel tarixi əslində özündə nəyi ehtiva edir? Ermənilərin qondarma soyqırımı iddiaları haradan qaynaqlanır?
1890-ci ildən etibarən başlayan üsyanlar 1915-ci ildə Osmanlı hakimiyyətini radikal qərarlar qəbul etməyə məcbur edir. Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçılıq meyli gücləndikcə üsyanlar da təbii hal almağa başlayır. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşir, daha sonra Van, Sason, Adana üsyanları bir-birini izləyir. Bu hadisədən sonra 1905-ci ildə ermənilər sultana qarşı sui-qəsd törədirlər.
Bölgədə təşkilatlanan erməni komitələri isə dinc əhaliyə qarşı xüsusi amansızlıq nümayiş etdirir. Üsyanlar və birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 24 aprel 1915-ci ildə “Köç” qərarı çıxarır. Bu qərarla eyni gündə isə indi ermənilərin qondarma soyqırımı günü kimi qəbul etdikləri 24 aprel tarixində 2345 erməni silahlı edam etdirilir. Bunların bir çoxu türk kəndlərinə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. "Köç" qərarı çərçivəsində Anadoluda yaşayan ermənilərin Osmanlı imperiyasının digər bölgələrinə köçürülməsi başlayır. Bundan sonra bir sıra qüvvələr özlərindən ermənilərin soyqırımına məruz qoyulduğunu uydurmağa başlayıblar.
“Müharibə başa çatan kimi ingilis zabit Ariel kitab çıxarır, adı olur “Göy” kitab. Bu kitabın əsas leytmotivi odur ki, guya Osmanlı türkləri milyon yarımdan artıq ermənini soyqırımına məruz qoyublar. Çox maraqlıdır ki, bütün xristian dövlətlərində bu kitab 7 milyon nüsxə çıxarılıb paylanılıb. Məhz həmin kitabdan sonra bu böyük yalana xristian cəmiyyətlərində çox ciddi sürətdə inanmağa başladılar. Bununla da, anti-Osmanlı, sonra isə anti-Türkiyə təbliğatı işə düşdü”,-deyə tarxiçi araşdırmacı Natiq Miri bildirib.
Sonradan guya öldürülən ermənilərin sayı il-ildən artaraq indiki 1,5 milyon nəfərə çatıb. Halbuki həmin dövrdə Türkiyədə heç 400 min erməni belə yaşamırdı. Bununla da, ermənilərin və erməni lobbisinin qondarma soyqırımının tanınması ilə bağlı hədəfləri meydana çıxdı. Soyqırımı sözünün özü 1950-ci ildə dövriyyəyə buraxılıb. Hətta Sovet dövründə qondarma soyqırımı ilə bağlı kampaniyaya start verilib. SSRİ-nin rəhbərliyində təmsil olunan Anastas Mikoyanın təşəbbüsü ilə 24 aprel Ermənistanda qeyd olunmağa başladı, İrəvanda buna həsr edilmiş abidə qoyuldu.
1965-ci ildə ilk dəfə qondarma erməni soyqırımı rəsmən Uruqvayda tanındı. İndiyə qədər 1915-ci il hadisələrini soyqırımı kimi 19 Avropa və Amerika ölkəsi müxtəlif səviyyədə tanıyıb. Tarixə siyasi münasibət bildirən ölkələrdən çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdür. Uzun illər Türkiyənin “strateji müttəfiqi” sayılan Birləşmiş Ştatlarda “soyqırımı”nı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ prezidentləri isə hər il aprelin 24-də “soyqırımı” sözünün yarım addımlığından keçirlər. Qondarma soyqırımını tanıyan yeganə müsəlman ölkəsi ermənilərin kompakt yaşadığı Livandır. Mütəxəsisslər hesab edir ki, bugünki Ermənistanın təməli əslində soyqırımı ideologiyasının üzərində qurulub.
DOSTLARINLA PAYLAŞ: