Dörd ailə üzvünü qətlə yetirən şəxs istintaqa ifadə verib
19 Yanvar 2011 Çərşənbə 12:00
Dörd ailə üzvünü qətlə yetirən şəxs törətdiyi əməli gülünc şəkildə izah edib.
Bakıda dörd ailə üzvünü qətlə yetirən Rövşən Mehrəliyev istintaqa ifadə verib. Nizami rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, komadan ayılandan sonra ifadə verməkdən imtina edən R.Mehrəliyev nəhayət, dünən müstəntiq Arzu Yolçuyev tərəfindən dindirilib. O, ailə üzvlərini konkret olaraq hansı səbəbdən öldürməsini əsaslandırmasa da, cinayətə əl atmasını belə izah etməyə çalışıb: “Gecə oyandım. Həyat yoldaşımı çağırdım. Cavab vermədi, ona görə də öldürdüm”.
R.Mehrəliyevin ifadəsi qeyri-müəyyən olduğundan ağır cinayətin motivini müyyən etmək mümkün olmayıb. İstintaq davam etdirilir.
Xatırladaq ki, dəhşətli qətl hadisəsi yanvarın 11-i gecə saat 04.00 radələrində Nizami rayonu, Şirin Mirzəyev küçəsi 70 saylı evin 30-cu mənzilində qeydə alınıb. 37 yaşlı Rövşən Mehrəliyev Qəribxan oğlu mətbəx bıçağı ilə aralarında baş verən mübahisə zəminində anası Elmira Şərəfəddin qızı Mehrəliyevanı, arvadı Lalə Qədim qızı Mehrəliyevanı, iki azyaşlı uşaqları Səidə və İlhama bıçaqla bir neçə xəsarət yetirərək qətlə yetirib. Hadisə zamanı evdən qaçan 8 yaşlı Nuranə bu barədə qonşulara xəbər verib və öz növbəsində qonşular polisi məlumatlandırıb. Dərhal əraziyə gələn polis əməkdaşları R.Mehrəliyevi saxlayıb. Məlum olub ki, o, hadisədən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirib. Yaralı dərhal 3 saylı xəstəxanaya çatdırılıb.
Faktla bağlı AR CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Hadisənin nə səbəbdən baş verməsi hələlik bilinmir.
R.Mehrəliyevin qonşuları bildirib ki, o, Qarabağ müharibəsində kontuziya alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: