Bitməyən imtahan
30 İyul 2010 Cümə 17:05
Xalq artisti Rafiq Əzimovun "El" jurnalına müsahibəsi.
Tamaşaçını inandırmaq üçün səhnədə özlüyündən çıxıb, oynadığın surətə çevrilməlisən. Yoxsa zəhmətin boşa gedəcək. Sənə inanmayacaq, qəbul etməyəcəklər. Bəzən oynadığım rola görə tamaşaçılar, həmkarlarım məni təbrik edirlər. Özüm hər işimi bəyənmirəm. Çünki rollar bəzən o qədər dərin olur ki, onun nöqtəsini qoymaq mümkün olmur. Hər dəfə yeni fikir tapırsan. Onu da nəzərə almaq lazımdır ki, indinin tamaşaçıları on il bundan əvvəlki tamaşaçılar deyil. İnformasiya bolluğu var. Onlardan geri qalmağa haqqımız yoxdur…
Mənim ailə üzvlərim incəsənətlə məşğul olmasalar da, incəsənəti sevirdilər. Atam gənclik illərindən musiqiyə, teatra böyük maraq göstərib
Mənim ailə üzvlərim incəsənətlə məşğul olmasalar da, incəsənəti sevirdilər. Atam gənclik illərindən musiqiyə böyük maraq göstərib. Xan Şuşinski, Seyid Şuşinski və digər məşhur muğam ustalarının iştirak etdiyi konsertlərə gedib. Bir də teatr aləmində Abbas Mirzə Şərifzadədən tez-tez söhbət salırdı, onun səsinin valehiydi. Evimiz Bakının Vidadi küçəsindəydi. Məhəlləmizdə tarzən Qurban Pirimov və başqa adlı-sanlı sənətkarlar yaşayırdılar. Onları tez-tez görməyimlə fəxr edirdim. Yəqin, bunların hər birinin sənətə gəlişimdə müəyyən rolu oldu.
- Ata-ananız bakılıydılar…
- Bəli. Anam Hökumə evdar qadınıydı. Atam Ələşrəf isə ticarətlə məşğul idi. Mən onların ortancıl övladıyam. 1938-ci ilin 6 fevralında dünyaya gəlmişəm. Uşaqlıq illərim acınacaqlı keçib. Çünki müharibə illərinə təsadüf edib. Atam cəbhəyə gedəndə mənim üç yaşım var idi. Onda biz hələ iki qardaşıydıq. Anam atamdan sonra işləmək məcburiyyətində qaldı. Düzdür, qohumlarımız müəyyən qədər kömək edirdilər. Amma hər halda evin, uşaqların qayğısı anamın zərif çiyinlərinə düşmüşdü. Müharibə başa çatdı. Sağ qalanlar öz evlərinə qayıtmağa başladılar. Biz isə hələ də mütəmadi məktubları gələn atamın yolunu gözləyə-gözləyə qaldıq… Onu ordudan tərxis etmədilər. Məktublarında məni xəbər alırdı: “Mənim qaragöz oğlum necədir?”. 1947-ci ildə mən birinci sinfə qədəm qoyanda atam əsgərlikdən sağ-salamat qayıdıb gəldi. Sonralar bizim bir qardaşımız da doğuldu.
- Orta məktəbi harada oxudunuz?
- Əvvəl Bağırov məktəbi deyilən 1 saylı orta məktəbə getdim. Sonra qız-oğlan məktəbləri birləşdi. Ona görə də bizi başqa-başqa məktəblərə keçirtdilər. Mən 199 saylı məktəbə düşdüm. Evimizdən bir qədər aralıda, həm də Dağlı məhəlləsində yerləşdiyindən, həmin məktəbə getmək istəmirdim. Anama dedim ki, daha getməyəcəyəm, ora davaxanadır, adamı döyürlər. Altı ay sonra evimizə bir az yaxın olan 44 saylı məktəbə keçdim. Orada oxudum.
- Dərslərlə aranız necə idi?
- Məktəbdə zəif oxumuşam. Müəyyən fənlər isə ümumiyyətlə, məni cəlb eləməyib. İdmanla maraqlanırdım. Futbola gedirdim. 9 nömrəli oyunçuydum. Bir də solaxay olmağıma baxmayaraq, yaxşı tenis oynayırdım. Şuluq uşağıydım. Qəribədir, yeddinci-səkkizinci siniflərdə oxuyanda nadincliyim yavaş-yavaş keçib getdi. Çox sakittəbiətli oldum.
- Amma yaşadığıınz məhəllə də sakit yer sayılmırdı...
- Uşaq yaşlarımda atam istəyirdi tarzən olum. Anamın əmisi oğlu mənə öz tarını bağışlamışdı. Tar dərnəyinə utana-utana gedirdim. Tarı plaşımın, paltomun altında gizlətməyə çalışırdım. Çünki məhəllədəki uşaqlar məni ələ salırdılar. Sonralar düşündüm, nə yaxşı musiqi, dram dərnəklərini seçdim. Əgər başım sənət aləminə qarışmasaydı, bəlkə mən də indi tamam başqa yerdə olardım. Çox çətin zəmanəydi. Müharibə təzə qurtarmışdı. Aclıq, yoxsulluq adamları pis işlərə vadar eləyirdi.
- Atanız Qurban Pirimovun şərəfinə istəyirdi tarzən olmağınızı?
- Dəqiq deyə bilmərəm, ona, ya musiqiyə, muğamlara böyük məhəbbətinə görə... Üç-dörd il tarla məşğul oldum. Birlikdə tar dərnəyinə getdiyim uşaqlar sonradan məşhur tarzən oldular. Mənim yolum təsadüf nəticəsində onlardan ayrıldı. Keçmiş 26-lar adına Mədəniyyət sarayında fəaliyyət göstərən uşaq dram dərnəyinə getdim. Bundan əvvəl təhsil aldığım 44 saylı orta məktəbdə dram dərnəyi təşkil etmişdik. Məktəbin təntənəli gecələrində çıxış edirdik. Ədəbiyyat müəllimimiz Əliağa Kərimovun teatr sənətinə böyük məhəbbəti var idi. Dərslərdə baxdığı tamaşalardan, keçmiş aktyorların güclü ifasından heyranlıqla danışır, onlardan eşitdiyi monoloqları avazla söyləyirdi. Cəfər Cabbarlının yaradıcılığını və “1905-ci ildə” əsərini keçəndə şagirdlərin arasında rol bölgüsü apardı. Mənə İmamverdi surətini verdi. Əsəri oxumağa başladıq. İmamverdi roluna elə aludə olmuşdum ki, sanki səhnədəydim. İmamverdi ilə Allahverdinin dialoqu bitdi. Bayaqdan başımın üstündə dayanıb səssiz-səmirsiz bizi dinləyən Əliağa müəllim əlini çiynimə qoydu: “Səndən yaxşı aktyor olar”, - dedi.
26-lar adına Mədəniyyət sarayının uşaq dram dərnəyində rəhbərimiz aktyor Əli Qurbanovuydu. O, “Vaqif” pyesindəki Vidadi rolunun məşhur teatr ifaçısıydı. Tamaşada sazı özü çalırdı. Əli Qurbanov dərnəkdə bizə satirik kupletlər hazırladırdı. Əlimizdə də saz olurdu. Mən sazı çala-çala həmin kupletləri deyirdim. Xəyalımdan keçirdi ki, nə olaydı, aktyor olaydım, Vidadi rolunu oynayaydım, sazı da özüm çalaydım. Hələlik bunların hamısı arzularıydı. Yuxuma da girməzdi ki, bir gün həqiqətən aktyor olacağam. Beynimə həkk olunan bu sözlər, eləcə də getdiyim tar, xor, dram dərnəkləri məni teatr sənətinə doğru istiqamətləndirirdi.
Uşaq dram dərnəyindən sonra getdiyim dram dərnəyinə Lütfi Məmmədbəyov rəhbərlik edirdi. Bir neçə il orada məşğul oldum. Dərnəyin hazırladığı tamaşalarda çıxış etdim. Artıq sənədlərimi ovaxtkı Mirzəağa Əliyev adına Teatr İnstitutuna vermək arzusuyla yaşayırdım. Lakin evdə bu barədə eşitdikdə qəti etiraz etdilər.
- Bu etiraz ən çox kim tərəfdən oldu?
- Ən çox etiraz eləyən anamın əmisi oğlu idi. O, əsl müsəlman, sırf azərbaycanlıydı. Adət-ənənələrimizə bağlıydı. Bizə tez-tez gəlirdi. Atama deyirdi, bizim nəsildən artist çıxmayıb. Anam axund qızıydı. Anamın əmisi oğlu belə nəsildən olduqlarını yada salırdı. O dövrlərdə artistlərə münasibət yaxşı deyildi. Anamın əmisi oğlu qəti etiraz edir, “Olmaz!” - deyirdi. Ata-anam da onunla razıydılar. Mən imdadı əmim oğlu Cəbrayılda aradım. Dərdimi ona açdım. Cəbrayıl Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, sonra isə Moskvada Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdi. Kinostudiyada çalışırdı. Düşünürdüm ki, o məni hamıdan yaxşı başa düşər. Cəbrayıl ata-anamın yanına gəldi. Anama dedi: “Əmidostu, mənim arzuma evdəkilər etiraz eləmədilər. Siz də mane olmayın. Uşağın fikri haradırsa, qoyun ora getsin”. O gündən evdə bu barədə söz-söhbət olmadı. Bir dəfə dərnəkdə Zeynal Xəlilin “Qatır Məmməd” tamaşasını hazırladıq. Valideynlərimə də dəvətnamə verdim. Tamaşaya getdik. Onların yanında əyləşib baxmağa başladım. Mənim rolum ikinci hissədəydi. Gördüm, valideynlərim ləzzətlə tamaşaya baxırlar. Su içmək bəhanəsiylə çıxdım. Tez qrim otağına keçdim. Geyindim, saqqal, bığ taxdım, qılınc götürdüm, çıxdım səhnəyə. Rolumu oynadım. Paltarımı dəyişib, üz-gözümü təmizlədim. Qayıtdım atamgilin yanına. Tamaşa barədə atamın təəssüratını xəbər aldım. Dedi:
- Lap yaxşıdır. Uşaqlar yaxşı oynayırlar.
- O çərkəz paltarlı necə oynadı?
- O da yaxşı oynadı.
Atam məni səhnədə tanımamışdı... Orta məktəbi bitirəndə valideynlərimə heç nə demədim. Sənədlərimi İncəsənət İnstitutuna verdim. Ora daxil oldum. Valideynlərim heç bilmədilər oxuduğum institut harada yerləşir. Orta məktəbdən fərqli olaraq institutda əlaçı tələbə oldum. Rus və ingilis dillərindən başqa bütün dərslərdən “beş” qiymət alırdım. Özümdə o qədər məsuliyyət hiss edirdim ki, səhərdən-axşamadək kitabxanalardan çıxmırdım.
- İncəsənət İnstitutunda sənət müəlliminiz kim oldu?
- Müəllimimiz xalq artisti Məhərrəm Haşımov idi. O həm də Rus Dram Teatrının baş rejissoruydu. Hətta birinci kursda oxuyanda dərslərimizi də həmin teatrda keçirdi. İkinci kursa keçəndə - 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə Məhərrəm Haşımovun sayəsində biz də iştirak etdik. Orada təqdim olunan tamaşalarda epizodik rollar oynadıq. Ondan sonra fikirləşdik ki, Akademik Milli Dram Teatrında işləyəcəyik. Bu bizim ən böyük arzumuz idi. Ona görə Dram Teatrının yardım heyətində epizodik rollarda çıxış etməyə başladıq.
- Deyirlər ki, hər aktyorun arzusu Akademik Milli Dram Teatrında işləməkdir. Amma bu hər kəsə nəsib olmur…
- İnstitutu bitirəndə Məhərrəm Haşımovun rəhbərliyi ilə diplom işi kimi beş tamaşa təhvil verdik. Bunların üçünü - “Toy”, “Bağban”, “Bayramın birinci günü” tamaşalarını Dram Teatrında, “Zorən Təbib” və “Polad qartal” tamaşalarını Gənc Tamaşaçılar Teatrında oynadıq. Azərbaycanın görkəmli rejissorları, aktyorları baxıb öz seçimlərini etdilər. Bizim kursdan Həsən Məmmədov, mən, bir də Eldəniz Zeynalov Akademik Milli Dram Teatrına təyinat aldıq. 1962-ci ildən bu günədək mənim əmək kitabçama başqa ünvan yazılmayıb.
Biz teatra gələndə Ədil İsgəndərov kinostudiyaya getmişdi. Baş rejissor Mehdi Məmmədov oldu. 1964-cü ildən isə Tofiq Kazımov baş rejissor keçdi. O, gənclərdən daha möhkəm yapışdı. Onlarla çox işlər gördü.
- Siz teatra gələndə orada məşhur aktyorlar var idi…
- Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Hökumə Qurbanova, Sofa Bəsirzadə və digər səhnə ustaları bu teatrda çalışırdılar. Biz gənc nəslin nümayəndələrinə az-az, çətinliklə də olsa rollar etibar edirdilər. Onlarla səhnədə yanaşı dayanmaq, yeri gələndə dialoqa girmək bizə qürur verirdi. Fəxr edirdik ki, vaxtilə tamaşaçı kimi pərəstişkarı olduğumuz, arxalarınca düşüb evlərinə qədər ötürdüyümüz bu böyük sənətkarlarla eyni səhnəyə çıxırıq.
- Bəzən təcrübəli aktyorlarda gənc aktyorlara qarşı ya qısqanclıq, ya da belə deyək, etimadsızlıq olur. Özünüzə qarşı belə münasibət görürdünüz?
- Məlum məsələdir: beş barmağın beşi də bir olmur. Amma böyük sənətkarlar arasında bizi öz qanadlarının altına alanlar tapılırdı. Bəzilərindən qayğı görürdük. Qocaman aktyor Hacıməmməd Qafqazlının mənə dəyərli məsləhətləri oldu. Siqaret çəkməyi onun tövsiyəsi ilə tərgitdim. Dedi: “Oğlum, səndən yaxşı aktyor olacaq. Bu siqareti çəkmə”. Bir də mənə deyirdi: “Nə qədər ki rollar oynamamısan, ətrafında dostların çox olacaq. Elə ki bir neçə gözəgəlimli rol ifa etdin, paxıllıq çoxalacaq, dostlarının sayı azalacaq”. Həqiqətən belədir. Nə qədər ki rollar oynamamısan, hamı sənin başına and içir. Elə ki üzə çıxdın, nəzərə çarpdın, sənə qarşı münasibətlər bir az dəyişir, qısqanclıqlar görünür.
Yaşlı aktyorlara o zaman bizi dublyor verirdilər. Təsəvvür edin: “Toy” komediyasında Kərəmov rolunu Əliağa Ağayev oynayırdı. O boyda aktyora məni, cavan aktyoru dublyor verdilər. Bir balaca burada qısqanclıq oldu… Yaşlı aktyorlarla əgər on dəfə məşq edirdilərsə, bizə, teatra yeni gələn gənclərə bir-iki dəfə vaxt verirdilər. Axşam tamaşalarında onlar, gündüz tamaşalarında biz çıxış edirdik. Amma heç nəyə baxmayaraq həmişə düşünürəm: nə yaxşı elə böyük sənətkarlarla təmasda olduq. İnstitutda öyrəndiyimiz nəzəri bilikləriydi. Teatr bizə aktyorluq təcrübəsi verdi.
- Yəni həmin sənətkarlarla səhnəyə çıxmaq, tamaşalarda oynamaq özü böyük məktəb idi…
- Əlbəttə. Ona görə oynamadığım tamaşaların məşqlərində də mütəmadi iştirak edir, qeydlərimi aparırdım. Onların daxili baxışında, ictimai baxışında olurdum. Tamaşaların müzakirəsində böyük tənqidçilər, teatrşünaslar da iştirak edirdilər. Biz gənclər onları dinləyirdik ki, görək fikirlərimiz arasında oxşarlıq var, ya yox. Həmin korifeyləri dinləyə-dinləyə, onlardan öyrənə-öyrənə gəlib bu səviyyəyə çatdıq.
- Bəzən bir aktyoru, ya aktrisanı müxtəlif filmlərdə, tamaşalarda bir-birinə çox oxşayan, sovet dönəmindəki yanaşmayla fikrimizi ifadə etsək, mənfi, yaxud müsbət surətlərdə görürük. Onları tamaşaçılar, az qala, yaxşı adam və ya pis adam kimi tanımağa adət edir.
- Bu pisdir. Mənim yaradıcılığımda belə bölgü yoxdur. Biz həyatda insanlara tam mənada belə yanaşmırıq axı. Burada qəti meyar yoxdur. Kimin üçünsə dünyanın ən pis adamı başqası üçün yaxşı ola bilər, yaxud əksinə. Həm teatrda, həm də kinoda oynadığım rollara bu cür yanaşıram. Mənim üçün ilk növbədə insan taleyi var.
Aktyor kimi xoşbəxtliyim odur ki, bir-birinə oxşayan surətlərdə qapılıb qalmadım. Xarakterik aktyor oldum. Yalnız qəhrəman rolları oynamaq iddiasına düşmədim. Müxtəlif səpkili surətlərə kino, səhnə ömrü verdim. Gənclik illərimdə yaşlı rollarını daha çox oynadım.
- Bu nədən irəli gəlirdi?
- Bizim kursda məndən yaşlı tələbələr var idi. Məhərrəm Haşımov “Toy” komediyasında Kərəmov surətini mənə verdi. Halbuki ürəyimdən müəllim Şeyda rolunu oynamaq keçirdi. Onun məzəli sözləri, qızlara qarşı məhəbbəti var. Bir qıza eşq elan edir: “Ey sevgilim, dinlə ahu-naləmi, mən sənə lap cani-dildən məftunam. Eşqdən yanıram pərvanə kimi, Qəribəm, Kərəməm, poçti Məcnunam”. Bu sözlər məni elə cəlb eləmişdi… Etirazımı müəllimimizə bildirəndə o dedi: “Ola bilər, sən tearda Kərəmov deyilsən. Amma biz burada dərs keçirik, sənə səndə olmayan hissləri aşılayırıq. Yoxsa müəllim surəti elə birbaşa sənin rolundur”. Cani-dildən Kərəmov rolunu hazırlamağa girişdim. Sonra müəllimimiz mənə Şillerin “Qaçaqlar"ında qoca Mor rolunu verdi. Teatra gələndən sonra da mənə bəzən yaşlı rollar tapşırıldı. İnstitutda Kərəmov, Mor kimi rollar oynamağımın sayəsində elə rolların öhdəsindən gələ bildim.
- Rejissorların seçimindən həmişə razı qalmısınız?
- Aktyor kimi mən rejissordan asılıyam. O, tamaşanın müəllifidir. Mənə əsərdəki vəziyyəti, oynayacağım rolun xarakterini açır: “Bu surəti belə görürəm”, deyir. Mən, əlbəttə, onun dediklərini kor-koranə qəbul etmirəm, fikirləşirəm. Hadisələri hisslərimin süzgəcindən keçirirəm. Öhdəmə götürdüyüm rolu özümünküləşdirməyə çalışıram. Çünki onu mən oynayacağam. Eyni rolu onsuz da hər aktyor ayrı cür oynayır. Ona görə mən əvvəl rejissorun fikrini alıram. Nəzərə alıram ki, o, bütün tamaşaya cavabdehdir. Əgər biz aktyorlar hərəmiz istədiyimiz kimi oynasaq, tamaşa alınmayacaq.
- Düşünürsünüz ki, aktyor ona tapşırılan hər bir rolu oynamalıdır?
- Bizim diplomda yazıblar: kino və dram aktyoru. Orada qeyd etməyiblər bu, qəhrəman, yaxud epizodik, müsbət və ya mənfi rollar oynamalıdır. Tutaq ki, mənim yaradıcılığımda komediya da, faciə də, dram da, ağlamalı komediya da, satirik komediya da var. Bu janrların hamısında bərkdən-boşdan çıxmışıq.
- Bəs rejissorlar həmişə umduğunuz, arzuladığınız rolları sizə veriblər?
- Əsəri oxuyanda hamı baş rolu oynamaq istəyir. Bir dəfə aktyor sənətindən dərs deyən Aleksandr Tuqanov Şeksprin “Hamlet” əsərini hazırlamaq fikrinə düşür. Tələbələrə deyir, rol bölgüsünü özünüz aparın. Hamısı tapşırığı yerinə yetirir. Apardıqları bölgünü müəllimə verirlər. Tuqanov görür ki, bütün rolları bölüblər, təkcə Hamletdən başqa. Çünki bütün tələbələr özlərində Hamleti görüblər… Mən isə əsəri oxuyanda həmişə öz rolumu axtarıram. Düşünürəm: bunu bacararam, ya yox. Oynayacağım rolda öz sözümü demək istəyirəm. Mənim üçün daha vacib olan budur. Məsələn, “Vaqif” tamaşasında Vaqif surəti baş rol kimi ön plandadır. Amma mən həmişə Vidadini oynamaq istəmişəm. Çünki Vidadi mənə qəlbən daha yaxındır.
- Vidadi xarakterindəki hansı cəhətlərlə sizə yaxındır? Yada salaq: Vidadi müdrikdir, kövrəkdir…
- Qəlbi kövrəkdir, təmizdir. Sızıltısı onda çoxdur. Allaha qəlbən daha yaxındır. Vaqifdə Vidadi ilə müqayisədə pafos çoxdur. Vidadi daha çox yer adamıdır. Mən bu rolu dəfələrlə oynamışam. Keçən il yubileyimdə həmin tamaşadan da bir parça oynadım. Mənim üçün həmin tədbir tamaşaçıların qarşısında, bir növ, imtahan idi.
- Yəni sənət imtahanı heç vaxt bitmir?
- Mənim imtahanım bitmir. Səhnəyə çıxmağıma heç vaxt biganə yanaşmıram. Evdən səhnədə olacağım vəziyyətdə çıxıram. Çünki özünü öncədən kökləməsən, o rol alınmayacaq.
- Kinoya dəvət almağınız necə oldu?
- Teatrda yeddi il idi çalışırdım. 1969-cu il idi. Leninqradın (indiki Sankt-Peterburq şəhəri - red.) “Lenfilm” kinostudiyasından yaradıcı heyət gəlmişdi. Onlardan biri mənə yaxınlaşıb soruşdu: “Bizdə filmə çəkilərsiniz?”. Dedim, axı bilmirəm nədir. “Əgər mümkünsə, gəlin kinostudiyaya, sizə ssenarini verim, tanış olun”, - dedi. Sonra bildim ki, mənimlə söhbət eləyən bu qadın filmin ikinci rejissorudur. O məni quruluşçu rejissora belə təqdim etdi: “Budur bizim Əli dayı”. “Lenfilm” Böyük Vətən müharibəsi illərində Bakıda azərbaycanlılarla rusların dostluğundan bəhs edən film çəkirdi. Ssenari müəllifi həmyerlimiz Viktor Qolyavkin idi. “Mənim əziz atam” adlı filmdə əsas rola - Əli dayı roluna təsdiq edildim. Tərəf-müqabillərim böyük sənətkarlar - Lüdmila Qurçenko, Aleksandr Demyanenko oldu. Çəkilişlər başlayanda mənə dedilər, Əli dayının dörd övladı var. Üçünü tapmışıq. Birini də sən gör tapa bilərsən. Mən də bir uşaq apardım. Yoxladılar, xoşlarına gəldi. Təsdiq olunandan sonra dedim ki, bu mənim böyük oğlum Eldardır. Onu da Əli dayının kiçik oğlu roluna çəkdilər.
- Deməli, sizi kinoaktyor kimi ilk dəfə “Lenfilm"in rejissorları kəşf etdilər?
- Bəli. 1969-cu ildə həmin filmə çəkildim. 1970-ci ildə “Yeddi oğul istərəm” filmində Qəzənfər rolunun sınaq çəkilişlərinə dəvət aldım. Təsdiq olundum. Həmin filmə çəkildim. O vaxtdan, demək olar ki, hər il yeni filmə dəvət aldım. Bir-birinin ardınca “Xatirələr şəhərində”, “Qızıl qaz”, “Ömrün ilk günü”, Rəşid Behbudovun həyatına həsr olunmuş “Min birinci qastrol”, “Vulkana doğru gedirəm”, “Arxadan vurulan zərbə”, “Bu gözəl dünya”, “Ad günü” və başqa filmlərdə müxləif rollar ifa etdim. Hələlik sonuncu çəkildiyim film “Cavad xan"dır. Bu ekran əsərində Cavad xanın vəzirini oynadım.
- Sizi səhnədə görmək istəməyən qohumlarınız sonralar rollarınıza baxıb fikirlərini, yəqin ki dəyişdilər…
- Mənə icazə verməyən anamın əmisi oğlu ticarət işçisiydi. Hərdən gedirdim yanına. Kabinetində tar olurdu. Verirdi mənə bir az çalırdım. Ona ləzzət eləyirdi. Nəhayət, bir dəfə içimdə yığılıb-qalan sualları ona verdim:
- Əmioğlu, tamaşalara baxırsan? Necədir, xoşuna gəlir?
- Hə, o gün televizorda baxırdım. Pis deyildi, inkişaf eləmisən.
- Kinoya necə, baxdın?
- Orda da yaxşıdır.
- Əmioğlu, bəlkə bu sənətə gəlməkdə səhv eləmişəm?
Tutuldu:
- Bilirəm nəyə işarə edirsən. Yox, sən haqlı çıxdın.
Əslində, mən onu qınamıram. Bizim sənətimiz həqiqətən də çox çətindir. Bu sənət heç kimə güzəştə getmir. Neçələri gəlib, ələkdən keçiblər. Bu sənət aləmində belədir: zəifi var, istedadlısı var. Burda gərək orta sənətkar olmayasan. Tamaşaçı ortanı sevmir. Yadda qalmaq, iz qoymaq üçün iş görməlisən. Mənə sual verirlər: “Yenidən aktyor olardınız?”. Bəli, olardım. Niyə də olmayım? O zaman peşmanlıq çəkərdim ki, görərdim bu sənətə boş yerə gəldim, heç nəyə nail olmadım.
- Sənət seçimində heç kiminlə hesablaşmadınız. Bəs sevgidə?
- Sevgidə... Müsəlman ailələrində, adətən, valideynlər istəyirlər ocağa yad qızını gəlin gətirməsinlər. Bizim evdə də bu cür fikirlər var idi. Amma mən bunun qəti əleyhinəydim.
1961-ci il idi. Üçüncü kursa keçmişdim. Həmin il institutumuzdakı mədəni-maarif fakültəsinə qəbul olunan bir qızı gördüm. Gözüm tutdu onu. Rus məktəbini bitirmişdi. Mən rus dilini onun qədər yaxşı bilmirdim. Azərbaycanca heç danışa bilmirdi (amma indi məndən yaxşı danışır). Bilmirəm necə oldu birdən-birə ona bağlandım? Gənc Tamaşaçılar Teatrında tamaşa göstərəcəkdik. Qıza da dəvətnamə verdim. Gəlib baxdı. Sonra təəssüratlarını öyrəndim. Daha yaxından tanış olduq. Evlənməyə tələsmədik. İstəyirdik, bir-birimizi daha yaxından tanıyaq. Bir də düzü, anası, qohumları onun artistlə ailə qurmasını istəmirdilər. Gizlincə görüşürdük. Sonra yavaş-yavaş ayaqaçdı oldu. Nigarın ata-anası xətrimi sonralar çox istədilər, məni öz oğullarından ayırmadılar. 1963-cü ildə biz nişanlandıq. 1964-cü ildə Səadət Sarayında keçirildi toyumuz. Onda artıq iki il idi teatrda işləyirdim. Barat Şəkinskaya, Əliağa Ağayev kimi sənətkarlar məclisdə iştirak etdilər. Gülağa Məmmədov oxudu. Gülağa həmişə deyirdi ki, Rafiq toyunda mənə 250 manat pul verdi.
- Gənc aktyorda o qədər pul hardanıydı?
- Mənim toyumu, demək olar ki, əmim oğlu Ələsgər elədi. Masabəyi gətirməyi isə qardaşı Cəbrayıl boynuna götürdü. O, iş yoldaşı, həm də uzaq qohumumuz olan Həsən Seyidbəylini masabəyi seçdi. Əliağa Ağayev sağlıq dedi: “Əzimov Rafiq həmişə mənim qabağımda oynayanda əsim-əsim əsir. Mən də ilk dəfə səhnəyə çıxanda əsim-əsim əsmişəm. O sənətkar ki əsim-əsim əsmir, ondan sənətkar olmaz. Mən içirəm o sağlığa ki Əzimov Rafiq hər dəfə səhnəyə çıxanda əsim-əsim əssin”.
- O sağlıq hələ də yerini tutur?
- Tutur. Tamaşaçını inandırmaq üçün səhnədə özlüyündən çıxıb, oynadığın surətə çevrilməlisən. Yoxsa zəhmətin boşa gedəcək. Sənə inanmayacaq, qəbul etməyəcəklər. Bəzən oynadığım rola görə tamaşaçılar, həmkarlarım məni təbrik edirlər. Özüm hər işimi bəyənmirəm. Çünki rollar bəzən o qədər dərin olur ki, onun nöqtəsini qoymaq mümkün olmur. Hər dəfə yeni fikir tapırsan. Onu da nəzərə almaq lazımdır ki, indinin tamaşaçıları on il bundan əvvəlki tamaşaçılar deyil. İnformasiya bolluğu var. Onlardan geri qalmağa haqqımız yoxdur.
- Teatra gələndə sizə etimad göstərənlər də oldu, göstərməyənlər də. Siz gənc aktyorlara necə münasibət bəsləyirsiniz?
- Bəlkə təvazökarlıqdan kənara çıxıram. Amma həqiqəti deyirəm. Cavanlar xətrimi çox istəyirlər. On ilə yaxın İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişəm. Orda da, teatrda da həmişə gənclərə övladım kimi yanaşmışam. Onlara qarşı həmişə səmimi olmuşam, yeri gələndə dostluq, yoldaşlıq etmişəm. Başqa cür gənclərdə inam yarada bilməzsən. Onlara demək olmaz: bizim dövrümüz beləydi, siz başqa cürsünüz. İstedadlılar azdır, amma var. Bizim dövrümüzdə də azıydı. Qrupumuzda iyirmi iki nəfər tələbə var idi. Onların arasından Murad Yegizarov, Həsən Məmmədov, Elmira Şabanova, Əliağa Ağayev, mən, Eldəniz Zeynalov çıxdıq.
- Hər halda kasıb qrup deyilmiş...
- Bunlar boş-boşuna deyildi. Biz oxumağa, öyrənməyə çox həvəsliydik.
- Demək istəyirsiniz ki, sizin öyrənmək marağınız daha çox idi?
- Mənə elə gəlir ki, müşahidə qabiliyyəti, prosesin özü daha güclüydu. Bu sənət güclə deyil. Sevgi olmasa mümkünsüzdür. İstedad da cilalanmasa, paslanıb gedər. Gərək inkişaf edəsən.
- Bəlkə burda bəxtin də rolu var?
- Bəzən bəxtin də rolu olur. Görürsən, aktyor istedadlıdır. Heç bir filmə dəvət etmirlər. Mirzəağa Əliyev deyirdi ki, istedad xəmir kimidir, nə qədər sıxsan, barmaqlarının arasından çıxacaq. İstedad varsa, bu gün də olmasa, sabah üzə çıxacaq. Hər halda arzu edək ki, belə olsun.
- Xalq artistisiniz, prezident təqaüdünə layiq görülmüsünüz. Amma fəxri adları gec aldınız…
- Mən 1982-ci ildə, on səkkiz il teatrda işləyəndən sonra əməkdar atrist, bundan iyirmi il sonra, 2000-ci ildə xalq artisti adını aldım. Onda qəzetdə yazdılar: “Əzimov Rafiq xalq artisti adını halallıqla aldı”. Bu mənim xoşuma gəldi. Ada ciddi münasibət olmalıdır. Biz teatra gələndə nə vaxtsa əməkdar artist, xalq artisti olacağımızı düşünmürdük. Möhsün Sənani, Rza Əfqanlı, Ağasadıq Gəraybəyli və başqa sənətkarlar bizim gözlərimiz qarşısında bu adı daşıyırdılar. Mən həmişə deyirdim: “Aktyor Hamlet Qurbanovdan qabaq fəxri ad alsam, bu ad mənə nuş olmaz”. Elə yaxşı ki o məndən qabaq fəxri ad aldı. Biz sənətə belə dəyər vermişik. İlk növbədə, sənət göstərmişik. Heç kimin alnına xalq artisti sözləri yazılmır. Gərək tamaşaçı səni tanısın və özünün sənətkarı hesab etsin. Mən xoşbəxt insan, xoşbəxt aktyoram. Məni başa düşən, mənə dayaq olan həyat yoldaşım, övladlarım var. Oğlum Eldar İnşaat Mühəndisləri İnstitutunu, Fuad isə Xarici Dillər İnstitutunu bitirib. Onlar da artıq ailə sahibidirlər. Hərəsinin iki oğlu var. Həm kino, həm də teatr sənətində oynadığım rollara görə tamaşaçılar məni tanıyırlar. Bu uğurları asanlıqla əldə etməmişəm. Qazandıqlarınla arxayınlaşmaq adamı inkişafdan qoyur. Bir də illərlə qazandığını bircə günün içində itirə bilərsən. Sənət onun yoluyla dönmədən, yorulmadan irəliləyənləri sevir… ANSPRESS
DOSTLARINLA PAYLAŞ: