Binə Hava Limanının əməkdaşını sel aparıb
30 İyun 2009 Çərşənbə Axşamı 14:10
Yəhya İsmayılov istirahət edərkən Qudyalçaya düşüb

Quba rayonunda istirahət edən Binə Hava Limanının Təhlükəsizlik Xidmətinin əməkdaşı çaya düşüb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə iyunun 29-da saat 17:00 radələrində Qudyalçayın Qırız Dəhnə kəndi ərazisindəki hissəsində qeydə alınıb. Belə ki, 32 yaşlı əslən Ağdamdan olan Yəhya Mürvət oğlu İsmayılov istirahət mərkəzlərindən birində dincələrkən çaya gedib. Çayın bir sahilindən digərinə keçmək istəyərkən isə o sürətlə axan çaya düşüb və su onu aparıb.

Quba rayon polis şöbəsinin böyük müstəntiqi Rəşad Alıkişiyevin ANS PRESS-ə verdiyi məlumata görə, artıq hadisənin yeri müəyyən edilib. Yəhya İsmayılovun tapılması istiqamətində çayın aşağı axarı boyunca işlər davam etdirilir. Onun axtarışlarına istirahət məntəqəsində istirahət edənlərlə yanaşı 100-dən artıq adam cəlb edilsə də, hələlik axtarışlardan müsbət nəticə əldə etmək mümkün olmayıb.

Aytəkin Alxaslı/ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar