Biləsuvar rayonunda çöl itləri məzarlara qənim kəsiliblər.
Gündüzlər ətraf ərazilərdə zibilxanalarda qida axtarışında olan sahibsiz itlər axşamlar sürü halında Biləsuvar rayonunun mərkəzi qəbiristanlığında gecələyir. Sakinlərin sözlərinə görə, qəbiristanlığın ərtafında xüsusi mühafizə hasarlarının olmaması isə nəinki itlərin, hətta bir çox vəhşi çöl heyvanlarının məzarlıqda maneəsiz gəzib-dolaşmasına səbəb olur.
Amma bu heyvanlardan yalnız sahibsiz itlər məzarlıqdakı qəbirlərə qənim kəsiliblər desək, tam yerinə düşmüş olar. Buradakı qəbirlərin itlər tərəfindən qazılaraq bərbad vəziyyətə salınması məzar ziyarətinə gələnləri dərdlərinin üstünə yeni dərd əlavə edir.
Nəzarətsiz olan Biləsuvar qəbiristanlığında hər gün onlarla bu kimi, dağıdılan qəbirlərə rast gəlmək mümkündür. Məzarlığa nəzarəti, əslində, Biləsuvar Rayon Bələdiyyəsi həyata keçirir. Bələdiyyədən bununla bağlı bildirilib ki, sözügedən qəbiristanlığa 1 gözətçi təyin olunub, lakin ona aylıq hər hansı məvacib verilmir. Bunun müqabilində həmin gözətçiyə qəbiristanlıqda pulla qəbir qazmaq və məzarlıq üçün lazım olan tikinti materialları satmağa icazə verilib ki, özü-özünü maliyələşdirə bilsin.
Deyəsən, mühafizəçinin başı məzarlıqdakı alverə qarışdığı üçün qəbirləri mühafizə etməyi çoxdan unudub. Əgər belə olmasaydı, qəbirlər də belə vəziyyətə düşməzdi.
Görünür, sakinlər doğmalarının qəbirlərdə rahat uymağını istəyirlərsə, o zaman məzarlığa öz hesablarına qoruyucu hasar çəkdirməli olacaqlar.