Baş həkimi oğurlayanlar cəzalandırıldı
14 Dekabr 2009 Bazar Ertəsi 12:55
Dəstə üzvləri 2 il 3 aydan 13 ilədək cəza alıblar
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baş həkimi oğurlamaqda təqsirləndirilən dəstənin üzvlərinə hökm oxunub.
ANS PRESS-in məlumatına görə, hakim Şakir Ələsgərovun sədrlik etdiyi məhkəmənin hökmü ilə Fərhad Əhmədov 13, Nicat Kərimov 10 il, Ramil Ağayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bu cinayət işi üzrə digər təqsirləndirilənlər-Tamerlan Qasımzadə və Asif Vəliyev isə bir müddət öncə məhkəmənin qərarı ilə ruhi-əsəb xəstəxanasında məcburi müalicəyə göndəriliblər.
Təqsirləndirilənlər Azərbaycan Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq), 181-ci (quldurluq), 182-ci (hədə-qorxu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun kompleks hissələrini, döyüş sursatı, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istifadə etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.
Qeyd edək ki, dəstə üzvləri 2000-ci ildə Bakının Nərimanov rayonu ərazisində yerləşən xəstəxanalardan birinin baş həkimi Kərim İsmayılovu tamah məqsədilə oğurlayıblar. Onlar baş həkimin ailəsindən 25 min dollar aldıqdan sonra mayın 22-də həkimi sərbəst buraxıblar.
Təqsirləndirilən şəxslər Montin qəsəbəsində və Nizami küçəsində yerləşən valyutadəyişmə məntəqələrinə basqın edərək ümumilikdə 65 min manat aparıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: