Bakıda velosiped davası ölümlə nəticələndi
01 Avqust 2014 Cümə 16:31
Gecə klubunun qarşısında törədilmiş qətlin təfərrüatları məlum olub.
Bakının Nəsimi rayonu ərazisində yerləşən “Korol” gecə klubunun qarşısında törədilmiş qətlin təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, polis əməkdaşları 2014-cü il iyulun 31-də səhər saatlarında Bülbül küçəsində yerləşən gecə klublarından birinin qarşısında baş vermiş qətl hadisəsinin də üstünü açıb.

Belə ki, Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayevin bıçaq xəsarətilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs, Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib. Emin Ağazadə bildirib ki, gecə klubun qarşısında Vüsal Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb.

Bu zaman Emin Ağazadə üstündə gəzdirdiyi bıçaqla Vüsal Abdullayevə ürəyindən bir zərbə endirib. Emin ətrafdakı insanları da bıçaqla hədələyərək hadisə yerindən qaçıb. Yolda bıçağı ataraq yaşadığı evə gedib.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar