Bakıda bir qrup kefli şəxs polisləri döydü
19 Noyabr 2012 Bazar Ertəsi 12:36
Hadisə nəticəsində 5 polis əməkdaşı xəsarət alıb
Bu gecə saat 03:00 radələrində Bakının Suraxaı rayonu ərazisində polislərlə bir qrup vətəndaş arasında dava düşüb. Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, təxminən 10 nəfərə yaxın şəxs ailəvi istirahət mərkəzinin qarşısında içkili vəziyyətdə səs-küy salaraq asayişi pozublar.
Bununla bağlı ətrafda yaşayan sakinlər polisə zəng edərək şikayət ediblər. Şikayətə əsasən hadisə yerinə gələn Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları həmin şəxsləri sakitliyə riayət etməyə çağırırblar. Lakin onlar polislərin qanuni tələbinə tabe olmayıb və polisə hücum ediblər. Kefli şəxslər 5 nəfər polis əməkdaşını döyüblər.
Onlar müxtəlif dərəcəlli bədən xəsarətləri alıb. Asayişi bərpa etdirmək üçün əraziyə Çevik Polis Alayının əməkdaşları cəlb edilib. Polisə qarşı müqavimət göstərən şəxslər saxlanılıblar.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: