Bakı restoranlarında at etindən istifade olunduğu aşkarlanıb
24 Aprel 2013 Çərşənbə 21:00
Boğaziçi, Saray, Qarden, Antep və Mərmərə restoranları əti eyni şəxslərdən alıblar.
Araşdırma zamanı məlum olub ki, Boğaziçi, Saray, Qarden, Antep və Mərmərə restoranları əti eyni adamlardan alıblar. Bu restoranların nümayəndələri müsahibə verməkdən imtina etsələr də, bu iş çərçivəsində zərərçəkən kimi tanınıblar. İstintaq orqanları artıq at ətini restoranlara satan 5 nəfəri saxlayıblar.
Hazırda onların hər hansı bir digər restoranla işləyib-işləmədiyi araşdırılır. Belə bir hadisənin baş verməsini Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də təsdiqləyir.
Bir sıra ölkələrdə qidada geniş istifadə olunsa da, Azərbaycanda yeyilməyən at ətini mal ətindən ayırmaq çətindir. Bunu yalnız laborator müayinə yolu ilə müəyyənləşdirmək olar.
Qeyd edək ki, son dövrdə istehlakçılara mal əti adı altında at ətinin satılması ilə bağlı bir neçə fakt aşkarlanıb. Bunlardan ən səs-küylüsü Bərdədən Bakıya satış üçün at ətinin gətirilməsi idi. Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov ət və ət məhsullarının satışında ciddi problemlərin olduğunu etiraf edib.
O, bu gün paytaxta bölgələrdən gətirilən ətin, habelə diri heyvanların mənşəyinin əksər hallarda məlum olmadığını deyib. Qanunvericilikdə isə bununla bağlı dəqiq normativlər mövcuddur. Təəssüf ki, bu normalara əksər hallarda riayət olunmur.
Məhz buna görə, insanlar əti tanıdıqları adamdan almağa çalışırlar. Amma bu da heç kimi evdə, restoranda bilmədən şam yeməyinə at əti yeyəcəyindən sığortalamır.
DOSTLARINLA PAYLAŞ: