Azərbaycanda qız 18 yaşlı nişanlısını ölümdən qurtardı
28 Fevral 2013 Cümə Axşamı 11:20
Gənc oğlan xəstəxanaya yerləşdirilib.
Ötən gün axşam saatlarında Ağcabədi şəhərində partlayış baş verib. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində yerləşən mənzildə qaz sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə evdə dağıntı olub, mənzildə olan 1995-ci il təvəllüdlü Kamallı Sadıq Əbülfəz oğlu isə müxtəlif yanıq və bədən xəsarətləri alıb.

Digər məlumata görə, S.Kamallı Ağcabədidə yerləşən Pedoqoji Kollecdə təhsil alır və həmin mənzildə kirayə qalırmış. Məlumata görə, Cəbrayıl rayonundan məcburi köçkün olan gənc Abşeron rayonunun Güzdək qəsəbəsində anadan olub və burada qeydiyyatdadır. Onun valideynləri isə Biləsuvarda yeni salınmış qəsəbədə məskunlaşıb. Hadisəyə gəlincə, dünən 18 yaşlı oğlan nişanlısı ilə telefonla danışarkən yuxulayıb və çarpayıda yatıb. Bu zaman evdəki qaz sobası açıq qalıb. Az sonra nişanlısı yenidən S.Kamallıya zəng vurub. Oğlan yuxudan ayılıb və yuxulu halda çaydanı sobanın üstünə qoymağa gedib. Elə bu zaman da partlayış baş verib.

Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, əgər bir qədər gec ayılsaydı S.Kamallı dəm qazından boğula da bilərdi.

Müxtəlif dərəcəli xəsarətlər alan S.Kamallı Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisədən dərhal sonra nişanlısı da ona baş çəkməyə gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar