Azərbaycanda internet vasitəsilə dələduzluq edənlər aşkarlanıb
06 İyul 2011 Çərşənbə 19:14
DİN xeyli sayda Azərbaycan vətəndaşının internet vasitəsi ilə aldadılması faktının üstünü açıb.
Azərbaycan vətəndaşının internet vasitəsi ilə aldadılması faktının üstünü açıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, son dövrlər telekommunikasiya şəbəkələrindən istifadə edilməklə müxtəlif hüquqazidd əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunur.

Əslində aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi daşıyan və qanunvericiliyə görə dələduzluq sayılan belə hüquqazidd əməllərin törədilməsi üsullarından biri də elektron əqdlərin bağlanması barədə internet şəbəkəsində qəsdən həqiqətə uyğun olmayan məlumatların yerləşdirilməsidir. Əsas etibarı ilə ayrı-ayrı xarici dövlətlərin vətəndaşları tərəfindən internet saytlarında bahalı avtomobillərin, müxtəlif növ texnikanın, məişət əşyalarının və s. alğı-satqısına, habelə işə düzəltmə və təhsilə göndərilmə vasitəçiliyə dair elanlar yayılır. Ayrı-ayrı vətəndaşlarımız kibermühitdə rast gəlinən belə cinayətlərin qurbanına çevrilir, malların alğı-satqısı, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi barədə internetdə gedən elanlara inanaraq onları hərtərəfli yoxlamadan külli miqdarda pullarını cinayətkarların bank hesablarına köçürür və yalnız müəyyən müddətdən sonra aldandıqlarını başa düşüb kömək üçün rəsmi dövlət orqanlarına müraciət edirlər.

Belə ki, vətəndaş DİN-ə müraciət edərək bildirib ki, işləmək məqsədilə viza göndərilməsi üçün Kanadada fəaliyyət göstərən “Azerbaijan-Amerika” şirkətinin nümayəndəsi Əli İsmayılfiruzla internet vasitəsilə əlaqə saxlayıb və bank vasitəsilə onun hesabına 2 min ABŞ dolları vəsait köçürüb. Ə. İsmayılfiruz isə ona internet vasitəsilə Q 002946 nömrəli viza göndərib. Sonradan həmin vizanın saxta olması müəyyən edilib.

Özünü baş maliyyə inspektoru və eyni zamanda Malayziyadakı “Affin Bank”ın auditoru kimi təqdim edən En Kok Sin adlı şəxs internet vasitəsilə ayrı-ayrı vətəndaşlara müraciət edərək bildirib ki, apardığı yoxlamalar zamanı 15 il əvvəl vəfat etmiş Azərbaycan əsilli şəxsin hesabında 9 milyon 200 min ABŞ dolları vəsaitin olduğunu müəyyən edib. Guya investorun ölümündən sonra onun əmlakına varis çıxan olmayıb. Bu müraciətin də dələduzluq məqsədilə yazılması müəyyən olunub.

Bundan başqa, vətəndaş C.K. isə polis orqanlarına müraciət edərək bildirib ki, Böyük Britaniyada fəaliyyət göstərən şirkətlərdən birinin meneceri Lars Vauer adlı şəxslə internet vasitəsilə əlaqə yaradaraq "Apple I-Phone" markalı mobil telefonların alğı-satqısı ilə maraqlanıb. Bundan sonra onunla 200-dək mobil telefonun alınması və DHL kuryer şirkəti vasitəsilə Azərbaycan Respublikasına göndərilməsi barədə razılıq əldə olunub. Lars Vauer telefonların orijinal olmasını sübut etmək üçün həmin markadan 1 ədəd mobil telefon göndərib. Ötən il fevralın 26-dan bu günə kimi Lars Bauerə hissə-hissə 97 min 252 ABŞ dolları məbləğində vəsait ödəməsinə baxmayaraq nə pulun, nə də telefonların aqibətindən xəbər yoxdur.

Daha bir vətəndaş M.E. polis orqanlarına müraciətində dələduzluq edən bir sıra şəxslər tərəfindən aldadılaraq guya “Nokia” şirkəti tərəfindən keçirilən lotereya oyununda qalib gəldiyinə inandırılmasını, külli miqdarda ziyana düşdüyünü bildirib.

Həmçinin vətəndaş A.Ə-nin internet saytlarının birində satışda olan "Land Rover" markalı avtomaşını almaq məqsədilə köçürdüyü 14 min ABŞ dolları, C.A.-nın internet vasitəsilə uduş kampaniyasının qalibi olmasına inandırılaraq London şəhərində yaşayan bir nəfərin ünvanına göndərdiyi 5845 ABŞ dolları, B.İ.-nin internet vasitəsilə keçirilən oyunda qalib olması barədə məktub aldıqdan sonra udduğu məbləği əldə etmək üçün sənədləşmə işlərinə sərf edilməsi üçün köçürdüyü 4 min ABŞ dolları, N.Ə.-nin internet saytlarının birində satışda olan kompüteri almaq məqsədilə köçürdüyü 1.200 ABŞ dolları, X.X.-nin mobil telefon almaq üçün köçürdüyü 370 ABŞ dolları da dələduzlar tərəfindən mənimsənilib.

Araşdırmalar göstərir ki, dələduzların tələsinə düşən yüzlərlə vətəndaş bu və buna bənzər üsullarla törədilən analoji cinayətlərin qurbanı olub.

DİN vətəndaşları sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağıraraq, diqqətə çatdırır ki, elektron əqdlər bağlamazdan əvvəl qanunla müəyyən edilmiş bütün tədbirlər görülməli, o cümlədən “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satış, xidmət və ya iş görmək təklif edən hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları (telefon, faks, internet və elektron poçt ünvanı), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və s. məlumatların mötəbərliyi mütləq qaydada yoxlanılmalı, şübhə doğuran hallar olduqda pul köçürmələri həyata keçirilməməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar