Azərbaycanda ağır yol qəzası baş verib, ölən və yaralanan var
15 Yanvar 2013 Çərşənbə Axşamı 17:16
Hadisəyə səbəb kimi yolun buzlu olması göstərilir
Bu gecə yağan qar səbəbindən yolların buz bağlaması Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qəzalar baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ilk qəza Ələt-Astara magistralının 122-ci km-də qeydə alınıb. Ramin İsgəndərovun idarə etdiyi “Mitsubishi” markalı kiçik tutumlu yük abtomobili sürüşərək aşıb. Avtomobilə qismən maddi ziyan dəysə də, sürücü qəzadan xəsarətsiz qurtulub.




Ələt-Astara magistralında digər qəza yolun Cəlilabad rayonundan keçən 124-cü km-də qeydə alınıb. Lerik sakini, 56 yaşlı Radil Dostəli oğlu Şirəliyevin idarə etdiyi “Qazel” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən öz hərəkət yolundan çıxaraq qarşı tərəfdən gələn Biləsuvar rayon sakini, Xəqani Camal oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı minik maşınına çırpılıb. Daha sonra “VAZ-2106”nın arxası ilə eyni istiqamətdə hərəkət edən digər “VAZ-2106” markalı maşın qəzaya uğramış “Qazel” ilə toqquşan maşınının arxa hissəsinə çırpılıb. Nəticədə birinci qəzaya uğramış maşının sürücüsü Xəqani Məmmədov və bir sərnişin ağır yaralanıb. Digər sərnişin 76 yaşlı Ülfət Qasımova isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.




Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, qəzaların baş verməsində əsas səbəb yolun buzlu və sürüşkən olmasıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar