Azərbaycanda ağır qəza: ölən və yaralanan var
07 Noyabr 2012 Çərşənbə 02:07
Kəllə beyin travması alan yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
Bakı-Quba-Rusiya sərhəd yolunun 118-ci kilometrliyində Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Quba istiqamətində hərəkət edən, Raiz Atamoğlanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yolun kənarındakı daş təpəciyinə qalxaraq aşıb. Qəza nəticəsində Siyəzən rayon sakini R. Atamoğlanov hadisə yerində keçinib. Onun həyat yoldaşı, Siyəzən sakini 51 yaşlı Cövhər Heydər qızı Atamoğlanova ağır xəsarətlərlə Siyəzən regional diaqnostika mərkəzinə çatdırılıb. Mərkəzin həkimləri ağır kəllə beyin travması almış yaralının vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsi istintaq və təhqiqat şöbəsinin müstəntiqləri araşdırmalara başlayıb. BDYP-nin müstəntiqi Elşən Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, mərhumun meyiti morqa yerləşdirilib və müayinədən sonra ailəsinə təhvil veriləcək. Qəzanın dəqiq səbəbləri isə təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: