Azərbaycanda 15 il əvvəl baş vermiş dəhşətli qətlin üstü açılıb
17 Dekabr 2012 Bazar Ertəsi 11:35
Musaxan Şəmiyev 1997-ci ildə qısqanclıq zəminində həmyerlisini baltalayıb
Azərbaycanda dəhşətli qətlin üstü açılıb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Cəlilabad sakini, Hövsan qəsəbəsində yaşayan, 1958-ci il təvəllüdlü Musaxan Şəmiyevin daha bir dəhşətli cinayəti üzə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, M.Şəmiyev 1997-ci ildə qısqanclıq zəminində Cəlilabad sakini, 1963-cü il təvəllüdlü Heybət Vəzir oğlu Allahverdiyevi yaşadığı evdə baltalayaraq qətlə yetirib. M. Şəmiyev daha sonra onun meyitini öz evinin həyətindəki toyuq hinində basdırıb. Həyata keçirilən tədbirlər nəticəsində meyitin basdırıldığı yerə baxış keçirilib və mərhumun cəsədi çıxarılaraq ekspertizaya göndərilib.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, M. Şəmiyev bu il oktyabrın 2-də həyat yoldaşı Nailə Şəmiyevanı qətlə yetirib. M. Şəmiyev tutulub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
DOSTLARINLA PAYLAŞ: