Azərbaycan Ordusunun iki əsgəri minaya düşüb
21 Noyabr 2012 Çərşənbə 22:57
19 yaşında olan Cəmil Məmmədov və Çingizxan Cərrasovun ayaqları amputasiya edilib
Azərbaycan Ordusunun daha iki əsgəri minaya düşüb. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Goranboy istiqamətində qeydə alınıb.
Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Cəmil Veysəl oğlu Məmmədov və 19 yaşlı Çingizxan Sevgixan oğlu Cərrasov minaya düşüblər. Hər iki əsgər ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib. Hər iki əsgərin bir ayağı amputasiya edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərlərin minaya düşməsi faktını təsdiqləyib.
Qeyd edək ki, C. Məmmədov Şuşa, Ç. Cərrasov isə Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Xatırladaq ki, bu son günlər cəbhə xəttində baş verən 3-cü analoji hadisədir. Bir neçə gün əvvəl cəbhənin Xocavənd istiqamətində də daha bir əsgərimiz minaya düşərək şəhid olub.
DOSTLARINLA PAYLAŞ: