2007-ci ildən Azərbaycanda 15 uşaq əcnəbilərə övladlığa verilib
07 Aprel 2011 Cümə Axşamı 14:04
“Əcnəbilərin Azərbaycandan uşaq övladlığa götürməsi prosesi 5 aydan 1 ilə qədər çəkə bilər”hazırda 10 əcnəbi ailə Azərbaycanda övladlığa uşaq götürmək üçün qeydiyyatdadır
Bakı. Kəmalə Quliyeva – APA. Uşaq evlərindən uşaqların övladlığa götürülməsi çətin prosesdir. Əgər uşaq götürmək istəyən ailə əcnəbidirsə, proses ikiqat çətinləşir. Əvvəla, uşaqların əcnəbilərə verilməsi adi vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Yad ölkədə yad insanlara övladlığa verilən uşaqların gələcək taleyi isə heç də həmişə arzu edilən olmur. Bəzən isə əcnəbilərə övladlığa verilmə ölkələr arasında münasibətlərdə belə gərginliyə səbəb olur. Rusiya ilə Amerika arasında olduğu kimi... Bu dövlətlər arasında övladlığa verilmə ilə bağlı imzalanacaq saziş ötən il baş verən insidentə görə təhlükə altına düşüb. Ötən ilin aprelində Rusiyadan uşaq övladlığa götürmüş amerikalı “ana” 7 yaşlı uşağı “imtina” məktubu ilə bir yerdə təyyarə ilə Rusiyaya yola salıb. Rusiya ilə Amerika arasında daha bir “övlad” qalmaqalı isə bu ilin yanvar ayında yaranıb. Amerikalı “ana” Rusiyadan övladlığa götürdüyü 7 yaşlı oğlunu “tərbiyələndirmək” üçün ağzını acı sousla yaxalamağa məcbur edib. Rusiya prezidentinin uşaq hüquqları üzrə müşaviri Pavel Astaxov isə bəyan edib ki, rusiyalı uşaqların əcnəbilərə övladlığa verilməsi ilə bağlı proseduru həmin dövlətlərlə sazişlər imzalanana qədər dayandırmaq lazımdır. Əks halda Rusiya tərəfi bu uşaqların gələcək taleyinə nəzarət edə bilməyəcək.
Təbii ki, belə hadisələrdən heç bir dövlət, o cümlədən Azərbaycan da sığortalanmayıb. Əcnəbilərə övladlığa verilmə ilə bağlı o qədər də uzaq olmayan keçmişdə baş verən hadisələr yəqin ki, yaddaşlardan silinməyib. Amma artıq bir necə ildir ki, Azərbaycanda əcnəbilərə övladlığa verilmə qaydaları sərtləşdirilib və bu proses birbaşa dövlətin nəzarətinə keçib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova APA-ya bildirib ki, Azərbaycan 2004-cü il martın 30-da “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Haaqa Konvensiyasına qoşulub. Konvensiyanın 6.1-ci maddəsinə uyğun olaraq və ölkə prezidentinin 2007-ci il 12 mart tarixli fərmanı ilə Komitə ölkələrarası övladlığa verilmə üzrə mərkəzi orqan qismində müəyyən edilib. Komitə konvensiyadan irəli gələn vəzifələri yerinə yetirir və ölkələrarası övladlığa götürmə ilə əlaqədar digər dövlət orqanları və təşkilatların fəaliyyətini əlaqələndirir.
Əcnəbilərə, əsasən, anadangəlmə qüsurlu uşaqlar təklif olunur
Azərbaycanda ölkələrarası övladlığa götürmə məsələləri ölkə Konstitusiyası, Ailə və Mülki Prosessual məcəllələri ilə tənzimlənir. Bundan əlavə, “Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası”nın, “Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydaları”nın, “Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydası”nın və “Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Nazirlər Kabinetinin qərarları bu sahə ilə bağlı dövlət siyasətini tənzimləyir. V. Möhsümova deyir ki, uşağın əcnəbilərə övladlığa verilməsinə azərbaycanlı ailəyə tərbiyəyə verilməsi mümkün olmadıqda, qohumları tərəfindən övladlığa götürmədən imtina edildikdə komitənin razılığa əsasında məhkəmə qətnaməsi ilə icazə verilir. V. Möhsümovanın sözlərinə görə, Azərbaycanın ailə qanunvericiliyində xarici vətəndaşlara övladlığa verilən uşaqların səhhəti ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb: “O zaman uşaq əcnəbi vətəndaşa təklif olunur ki, o, artıq bir çox azərbaycanlı ailələrinə göstərilir. Lakin həmin ailələr tərəfindən uşaqdan imtina olunur. Çünki bu uşaqlar anadangəlmə qüsurlu olurlar. Məsələn, dovşan dodaq, qurd ağız... Qurd ağız uşaqlarda damaq sistemi olmur. Sümük çatışmazlığı, beyinlə bağlı xəstəlikləri, anadangəlmə sifilis xəstəlikləri olan uşaqlar var ki, bu xəstəliklər müalicə ilə keçib gedir. Bizim azərbaycanlı ailələr övladlığa götürdüyü uşaqların, əsasən, sağlam, az yaşlı və tam qüsursuz olmasına üstünlük verirlər. Ancaq əcnəbilərdə belə deyil. Onlar bu cür uşaqları qəbul edirlər. Sonradan bu uşaqlar əməliyyat olunur, normal həyat şəraitinə qaytarılır”.
Azərbaycanda əcnəbilərə övladlığa verilmənin proseduru
V. Möhsümovanın sözlərinə görə, Azərbaycanda 3 yaşına qədər olan uşaqların daxili övladlığa götürülmə məsələsi ilə Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı isə Təhsil Nazirliyi məşğul olur. Amma bütün bunların ümumi uçotunu AQUPDK həyata keçirir. Yalnız beynəlxalq övladlığa götürmə 2007-ci ildən birbaşa komitənin səlahiyyətindədir: “Əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxs öz ölkəsinin mərkəzi orqanına müraciət eləyir və müvafiq sənədlər yığılır. Burda onun iş yeri, gəlirləri, ailə vəziyyəti, sağlamlığına aid olan bütün sənədlər toplanılır, leqallaşdırılır və Azərbaycana, mərkəzi orqan olan Komitəyə göndərilir. Azərbaycana göndərilən sənədlər Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş olmalıdır. Həmçinin bu sənədlər övladlığa uşaq götürmək istəyən əcnəbilərin öz dillərində leqallaşmış şəkildə bizə təqdim olunur. Bizim tərəfimizdən aparılan araşdırmalar zamanı əlavə sənədlərə ehtiyac duyularsa, bu sənədlər də tələb olunur. Nazirlər Kabinetinin təsdiq elədiyi xəstəliklərin siyahısına əsasən, övladlığa uşaq götürmək istəyən əcnəbilərdə narkoloji, vərəm, keçici, infeksion, ruhi-əsəb xəstəliklərindən hər hansı biri və məhkumluğu olmamalıdır. Bunlara baxıldıqdan sonra övladlığa götürülmənin uşağın mənafeyinə uyğun olub-olmaması ilə bağlı icra hakimiyyətlərinin nəzdində olan qəyyumluq və himayə komissiyalarından rəy alınır. Bütün sənədlər toplanandan sonra Komitə rəy hazırlayır ki, bu uşaq əcnəbi vətəndaşa verilə bilər, ya yox. Biz rəyimizi məhkəməyə təqdim edirik. Əcnəbi şəxs ya özü, ya da vəkili və ya akkreditə olunmuş orqan vasitəsilə məhkəməyə müraciət edir”.
2007-ci ildən Azərbaycanda 15 uşaq əcnəbilərə övladlığa verilib
Komitə rəsmisinin sözlərinə görə, 2007-ci ildən Azərbaycanda 15 uşaq əcnəbilərə övladlığa verilib. Onlardan 9-u qız, 6-sı oğlandır. 2007-ci ildə 6, 2008-ci ildə 2, 2009-cu ildə 5, 2010-cu ildə 2 uşaq övladlığa verilib. Bu il isə bir övladlığa götürülmə prosesi həyata keçirilib: “Bəzən xarici vətəndaşlar tərəfindən övladlığa uşaq götürülməsi cəmiyyətdə birmənalı qarşılanmır. Fikirləşirlər ki, uşağı satırlar. Bu, kökündən yanlış düşüncədir. Çünki hazırda dövlətin bu sahəyə faktiki nəzarəti var. Cəmiyyətdə olan yanlış stereotipləri aradan qaldırmaq lazımdır. Bu gün Azərbaycan dövlətinin məqsədi uşaqların rifah halında yaşamasıdır. Bu cür qüsurlu uşaqlar Azərbaycan ailələrinə dəfələrlə təklif olunur və qəbul olunmur. Bu uşaqları xarici vətəndaşlar sağlam şəkildə böyüdürlər. Azərbaycanın uşaq evlərində də dövlət maliyyəsi hesabına əməliyyat olunan uşaqlar var. Amma bəzi uşaqlarda çox cüzi qüsurlar olur. Xarici vətəndaşlar dediyimiz insanların bir qismi isə Rusiyada yaşayan azərbaycanlılardır. Onlar vaxtı ilə Rusiyanın müxtəlif şəhərlərinə gedib, oranın vətəndaşlığını qəbul ediblər. Həmin insanlar burada öz qohumlarından, yaxınlarından kiminsə uşağını götürürlər. Rusiya vətəndaşı olduğundan sənədləşmədə bu, xarici vətəndaşa övladlığa verilmə kimi göstərilir. Ancaq əslində uşaq azərbaycanlı ailəsinə verilir”.
Sektor müdirinin sözlərinə görə, övladlığa verilən uşaqların sonrakı həyatlarına ciddi nəzarət edilir: “Məhkəmə qətnaməsində də uşağın sonrakı həyatının izlənilməsi, sağlamlığı, təhsili ilə bağlı komitəyə hesabatların verilməsi xüsusi nəzərdə tutulur. İldə iki dəfə, hər 6 aydan bir 15 dəqiqədən az olmayaraq uşaqla bağlı videogörüntü və fotoşəkillər, səlahiyyətli orqanların uşaqla bağlı rəsmi sənədləri mütəmadi olaraq hesabat şəklində verilir və bununla, biz o uşağın sonrakı həyatına nəzarət edə bilirik”.
Niyə məhz Azərbaycan?
Sektor müdiri deyir ki, Azərbaycanda övladlığa uşaq götürmək üçün daha çox Avropa ölkələrindən, ABŞ-ın müxtəlif ştatlarından, Rusiyadan müraciətlər olunub. Övladlığa götürmə proseduru yerli övladlığa götürməyə nisbətən daha ağır prosedurdur: “Əgər şəxs tərəfindən sənədlər qanunvericiliyə uyğun olaraq qəbul edilibsə və heç bir çatışmazlıq yoxdursa, övladlığa götürən valideynlər övladlığa götürdükləri uşağı müəyyən ediblərsə, bu halda proses 5-6 aya, əks halda 10-12 aya başa çatır. Azərbaycan qanunvericiliyində ölkələrarası övladlığa götürmə ilə bağlı heç bir ödəniş nəzərdə tutulmayıb. Övlad götürən əcnəbi vətəndaş Azərbaycan tərəfinə, konkret olaraq komitəyə heç bir ödəniş etmir. Niyə məhz Azərbaycan? Bu sualı biz də xaricilərə veririk. Ötən il Amerika vətəndaşına övladlığa verilmə ilə bağlı bir prosesimiz oldu. Həmin şəxs Azərbaycandan Rusiyaya, sonra da Amerikaya getmiş şəxs idi. Azərbaycanla bağlı olduğundan o, uşağı buradan götürmək istədi. Digər tərəfdən, Azərbaycanda övladlığa uşaq götürmə ilə bağlı proses daha rahat şəkildə istiqamətləndirilir. Əcnəbilər müsəlman uşaqlara üstünlük verirlər. Genofond, mənşə, insani keyfiyyətlər baxımından bizim ölkəyə daha çox üstünlük verilir. Bunu özləri də etiraf edirlər. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Ona görə də biz bəzi faktları və rəqəmləri deyəndə müəyyən çərçivədən kənara çıxmırıq”.
Hazırda Azərbaycanda övladlığa uşaq götürmək istəyən 10 əcnəbi ailəsi qeydiyyatdadır
V. Möhsümova deyib ki, hazırda Azərbaycanda övladlığa vermək üçün qeydiyyata götürülmüş uşaqların sayı dəqiq deyil. Bu rəqəm daim dəyişir: “Əgər uşağın sənədləri tam qaydasındadırsa, o, növbəlilik əsasında qeydiyyata götürülür. Əgər əcnəbilər həmin uşağı qəbul edirlərsə, proses davam etdirilir. Haaqa Konvensiyasının 14-cü bəndi bu prosesin davam etdirilməsini tənzimləyir. Hazırda komitədə övladlığa uşaq götürmək istəyən 10 əcnəbi ailəsi qeydiyyatdadır. Biz maksimum şəkildə çalışırıq ki, bu uşaqlar Azərbaycanda qalsın və Azərbaycan vətəndaşlarına verilsin. Bizdə belə bir fakt olmuşdu. Xarici vətəndaş qüsurlu uşağı bəyəndi, proses davam etdirildi, son anda ortaya bir azərbaycanlı ailəsi çıxdı. Biz bir ilə yaxın bu prosesi apardığımıza baxmayaraq, dərhal onu dayandırdıq və uşağı yerli vətəndaşa verdik. Mən çox istərdim ki, bizim uşaqların yüngül qüsurları olanda ailələr onlardan qaçmasınlar. Müalicədən sonra bu uşaqlar elə normal uşaqlar olurlar ki...”
Azərbaycanda ölkələrarası övladlığa götürmə ilə bağlı 3 beynəlxalq təşkilat qeydiyyata alına bilər
Qeyd edək ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərəcək orqanlar AQUPDK-da akkreditasiya olunmalıdır. Müvafiq icazədən sonra onlar əcnəbi vətəndaşlara hüquqi yardım göstərə bilərlər. V. Möhsümovanın sözlərinə görə, Nazirlər Kabineti “Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası”nı təsdiq etdikdən sonra komitəyə müraciət edən beynəlxalq təşkilatlar olub: “Bunlar dünyanın bir çox ölkələrində bu sahədə işləyən tanınmış, nüfuzlu təşkilatlardır. Hazırda komitədə belə təşkilatlardan üçü ilə bağlı iş aparılır. Bütün proseslər normal şəkildə davam edərsə, yəqin ki, gələcəkdə biz həmin təşkilatları akkreditasiya edəcəyik. Hələ indiyə qədər Azərbaycanda ölkələrarası övladlığa verilmə ilə bağlı heç bir xarici təşkilat akkreditasiya olunmayıb. Həmin təşkilatlar əcnəbi vətəndaşlara hüquqi yardım göstərir. Övladlığa verilmə ilə bağlı proseslər akkreditasiya olunmuş təşkilat tərəfindən istiqamətləndirilir. Akkreditə olunmuş təşkilata şəxs müraciət edir. Təşkilat həmin dövlətdə mərkəzi orqana müraciət edərək həmin şəxsin dosyesini təqdim edir. Qeydiyyatda övladlığa veriləsi uşaq olanda akkreditə olunmuş təşkilata təklif olunur. Təşkilat isə öz növbəsində uşağı ailəyə təklif edir. Ailə uşağın parametrlərinə baxır, uşağı ya qəbul edir, ya da yox”.
Sektor müdiri deyir ki, ölkələr üzrə övladlığa götürmə təklifləri dəyişir. Məsələn, Rusiyada xüsusi saytlar var, orada övladlığa veriləcək uşaqların şəkilləri, onlarla bağlı informasiyalar yerləşdirilir. Çünki Rusiyada atılmış, qeyri-qanuni nikahdan olan uşaqların sayı çoxdur. Azərbaycanda isə belə deyil. Azərbaycanlı ailələr ən çox 3 yaşına qədər olan uşaqlara üstünlük verirlər. Hazırda bu yaşa qədər uşaqları götürmək istəyən ailələrin sayı uşaqların sayından daha çoxdur. Komitə ölkələrarası övladlığa verilmə ilə bağlı digər dövlətlərlə əməkdaşlığı inkişaf etdirək niyyətindədir: “Ümumən Azərbaycanda bu sahə yenidir. Yerlərdə icra qurumları, səhiyyə, təhsil nazirlikləri ilə əlaqələrimizi daha da sıxlaşdırırıq. Yaxın gələcəkdə xarici ölkələrin mərkəzi orqanları ilə yüksək səviyyədə əməkdaşlıqlarımızı inkişaf etdirəcəyik”.
Övladlığa götürmə hansı halda ləğv oluna bilər?
V. Möhsümovanın sözlərinə görə, övladlığa götürülmə prosesinin ləğv olunması Azərbaycan qanunvericilinə əsasən məhkəmə qaydasında həyata keçirilir: “Komitənin rəyindən sonra yekun rəy məhkəmənindir. O halda övladlığa götürmə ləğv olunur ki, övladlığa götürülmüş şəxs öz səlahiyyətlərini yerinə yetirmir. Ailə Məcəlləsinin 132-ci maddəsinə əsasən, övladlığa götürən şəxslər valideynlik hüquqlarından sui-istifadə etdikdə, valideynlik vəzifələrini yerinə yetirmədikdə, övladlığa götürdüyü uşaqla qəddar rəftar etdikdə, xroniki alkoqol və narkotik aludəçisi olduqda, səhhəti buna imkan vermədikdə övladlığa götürmə ləğv oluna bilər. Ümumiyyətlə, bizim indiyə qədər övladlığa verilmiş şəxslərlə bağlı heç bir problemimiz olmayıb. Bu da ondan irəli gəlir ki, komitə bu sahədə çox ciddi nəzarət mexanizmi həyata keçirir. Bəzən bir il çəkir bu proses. Şəxsin övlad götürməyə, azərbaycanlı uşağı rahat, firavan böyütməyə hazır olduğuna əmin olduqdan sonra öz rəyimizi veririk. Bu şəxslərə həmin şəxsin mənsub olduğu dövlətin mərkəzi orqanları zəmanət verir. Bütün bunlar yoxlanıldığına görə, şükürlər olsun ki, bizim övladlığa verdiyimiz uşaqlarla bağlı böyük və ya kiçik problemlər olmayıb. Hesab edirəm ki, bu cür ciddi nəzarət mexanizmi olandan sonra heç gələcəkdə də olmayacaq”.
Ölkələrarası övladlığa verilmə ilə bağlı dövlətlərarası sazişin olması çox önəmlidir
Uşaq Hüquqları üzrə QHT Alyansı Hüquq Klinikasının rəhbəri Nazir Quliyev isə APA-ya bildirib ki, əcnəbilərə övladlığa verilmə sahəsində tək hüquqi yanaşma önəmli deyil: “Uşağın övladlığa veriləcəyi dövlətin durumu, eyni zamanda uşaqların yaşı çox vacibdir. Azərbaycanın daxilində də çoxlu sayda övladlığa uşaq götürmək istəyən ailə var. Vacibdir ki, övladlığa verilmə ilə bağlı dəqiq işlənilmiş mexanizm olsun. Biz daha çox uşaqları seçməyə önəm veririk. Amma bir çox ölkədə övladlığa verilən, müəyyən yaşı olan uşaqların ailələri seçmək ixtiyarı da var. Yəni bu ölkələrdə uşaq marağı önə çəkilir. Hətta müvafiq qurumlar da ailələri seçir. Şəxsi fikrimdir ki, yalnız ölkə daxilində övladlığa verilməsi mümkün olmayan uşaqlar xaricilərə övladlığa verilməlidir”.
N. Quliyev deyir ki, Azərbaycanda övladlığa verilmə prosedurunun sadələşdirilməsinə, monitorinq mexanizminin gücləndirilməsinə ehtiyac var: “Hazırda bir çox xarici ölkələrə verilmiş uşaqlarla bağlı çox vaxt əlçatan informasiyalar olmur. Bu da insanlarda narahatlıq yaradır. Halbuki bəlkə də onlar çox yaxşı yaşayırlar”.
N. Quliyevin sözlərinə görə, əcnəbilər Azərbaycanda daha çox əlilliyi olan uşaqları övladlığa götürmək istəyirlər: “Hətta bir necə əcnəbi vətəndaş məlumat almaq üçün bizə müraciət etmişdi. Onlardan birindən maraq xətrinə soruşdum ki, bu, nədən irəli gəlir. Mənə dedilər ki, bu, mənəvi borcdur. Bizə müraciət edənləri, adətən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yönəldirik”.
Hüquqşünas hesab edir ki, uşağın övladlığa verildiyi ölkə ilə Azərbaycanın münasibətləri bütün konvensiyalara və sazişlərə qoşulmuş formada tənzimlənməlidir: “Bu mümkün olmayacaqsa, uğur əldə etmək çox çətindir. Bu baxımdan dövlətlərarası sazişin olması çox önəmlidir. Hələlik Azərbaycanın ölkələrarası övladlığa verilmə ilə bağlı heç bir ölkə ilə sazişi yoxdur. Bizdə bu mexanizm yeni qurulur. Alyans özü də bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etmək üçün təkliflər hazırlayıb”.
DOSTLARINLA PAYLAŞ: