Asteroid Yerlə toqquşsaydı, bütöv bir şəhəri məhv edə bilərdi.
Martın 9-dan 10-na keçən gecə, Bakı vaxtilə saat 00:30-da Yer kürəsinin yaxınlığında göydələn böyüklüyündə asteroid keçib. NASA-nın məlumatına görə, "2013ET" olaraq adlandırılmış nəhəng asteroid Yerdən 950 min kilometr aralıdan keçib, bu isə Aya qədər olan məsafədən 2,5 dəfə çoxdur. Asteoridin sürəti saatda 42 min kilometr təşkil edib.
NASA nümayəndəsinin sözlərinə görə, diametri 140 metr olan bu asteroid Yerlə toqquşsaydı, bütöv bir şəhəri məhv edə bilərdi. Bu obyektin ötən ay Rusiyanın Ural bölgəsinə düşmüş meteoritdən 8 dəfə böyük olduğu bildirilir.
Xatırladaq ki, fevralın 15-də Ural bölgəsinə meteorit düşməsi nəticəsində 1500-ə yaxın adam xəsarət almış, bir neçə şəhərdə dağıntılar qeydə alınmışdı.