Xocalı əhalisi dünya xalqlarına müraciət etdi
20 Fevral 2013 Çərşənbə 11:47
Biz Xocalı şəhərində erməni millətçilərinin həyata keçirdiyi kütləvi qətliamın möcüzə nəticəsində sağ qalmış şahidləri qəlbində insan sevgisi olan hər kəsi bəşəriyyətə qarşı törədilmiş bu soyqırımı cinayətinə biganə qalmamağa çağırırıq.
Xocalı əhalisi dünya xalqlarına müraciət ediblər. Müraciət Xocalı məcburi köçkünlərinin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçirilmiş ümumi toplantısında qəbul edilib. "Biz – 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçilərinin həyata keçirdiyi kütləvi qətliamın möcüzə nəticəsində sağ qalmış şahidləri Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, dünya xalqlarına faciənin 21-ci ildönümündə növbəti dəfə müraciət edir, bütün mütərəqqi ictimaiyyəti, qəlbində insan sevgisi olan hər kəsi bəşəriyyətə qarşı törədilmiş bu soyqırımı cinayətinə biganə qalmamağa çağırırıq.
Son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə tarixi Azərbaycan torpaqları hesabına xəyali “Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədi ilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırımı kimi cinayətlər törətmişlər.
Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş və dədə-baba torpaqlarından didərgin salınmışdır. 1988-1989-cu illərdə Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı son nəfərinə kimi deportasiya edilmiş, bu qanlı aksiya zamanı yüzlərlə günahsız insan – qocalar, qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan erməni millətçilərinin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilib.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırmış, bu məqsədlə Dağlıq Qarabağda heç bir tarixi və siyasi əsası olmayan erməni separatizminə rəvac verilmişdir ki, bu da bölgədə qanlı etnik qarşıdurmalara və kütləvi insan fəlakətlərinə səbəb olub.
Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və 1990-cı illərin əvvəllərinədək bütünlüklə azərbaycanlıların yaşadıqları 7 rayon hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz əzəli yurdlarından vəhşicəsinə qovulmuş, on minlərlə adam qətlə yetirilmiş və şikəst edilmişdir. İndiyədək erməni girovluğundan 1400-ə yaxın azərbaycanlı azad edilsə də, Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində ağlasığmaz təhqir və işgəncələrdən əziyyət çəkən 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. İşğal zonasında yüzlərlə şəhər və kənd, minlərlə ictimai-mədəni tikili, təhsil və səhiyyə müəssisələri, tarixi-mədəniyyət abidələri, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş vandalizmə məruz qalıb.
Erməni silahlıları iyirminci əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və s. kimi azərbaycanlılar yaşayan qəsəbə və kəndlərində mülki əhaliyə qarşı kütləvi qırğınlar törətmiş, Bakıda və digər şəhərlərimizdə çoxsaylı qanlı terror aksiyaları həyata keçirib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın şəxsi heyəti və hərbi texnikasının bilavasitə iştirakı ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi.
Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Erməni millətçiləri XX əsrin sonlarında sivil bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində xeyli Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edilmiş, 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları və digər bədən əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.
Təsəvvür etmək belə çətindir ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya “əzabkeş və məzlum xalq” obrazında təqdim edən davakar erməni millətçiliyidir.
Acı təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, XX əsrin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Liditse kimi insan fəlakətləri sırasına Xocalı soyqırımı da əlavə olunub".
Müraciətdə qeyd edilib ki, artıq 21 ildir ki, qaçqınlıq həyatı yaşayan biz xocalılılar dünyanın bütün sülhsevər xalqlarına və dövlətlərinə ürəkağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciət edirik. İnanırıq ki, nüfuzlu beynəlxalq təşkilatlar olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr beynəlxalq hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir dövləti - Ermənistanı haqq-ədalət prinsipləri ilə yaşamağa və qonşu dövlətlərlə sivil münasibətlər qurmağa məcbur edəcək!
"İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bu günədək icra edilməməsi, ilk növbədə, həmin təşkilatın nüfuzuna ciddi zərbə və Ermənistanın beynəlxalq aləmə meydan oxumasıdır.
Biz münaqişənin nizama salınmasında Azərbaycan dövlətinin haqlı və ədalətli mövqeyini, eyni zamanda, aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların sülhyaratma səylərini dəstəkləməklə, Ermənistanın beynəlxalq hüququn təməl prinsiplərinə zidd olan təcavüzkar siyasi xəttinin təkcə regionda deyil, bütün dünyada sülh və əmin-amanlıq üçün ciddi təhlükə olduğunu bir daha bəyan edirik. Bu labüd gerçəkliyə mütərəqqi beynəlxalq ictimaiyyət laqeyd qalmamalıdır.
Təəssüf ki, təcavüzkarın dəstəklənməsi, tarixi faktlara və müasir gerçəkliyə ikili standartlar mövqeyindən yanaşma halları günümüzün acı reallığıdır. Bununla belə, artıq erməni yalanları dünya miqyasında ifşa olunmaqda, beynəlxalq aləm Azərbaycan həqiqətlərini görüb etiraf etməkdədir. Son illərdə bir sıra sülhsevər dünya dövlətlərinin parlamentləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımı insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və tanınmışdır. Ümid edirik ki, bu proses və “Xocalıya ədalət” kampaniyası öz haqlı sonluğuna qədər davam edəcək.
Bir daha dünya birliyini narahat zəmanəmizin gələcək taleyi naminə haqqın və ədalətin yanında olmağa dəvət edir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və əsassız torpaq iddialarına birmənalı şəkildə yox deməyə, xalqımıza qarşı törədilmiş silsilə cinayətlərə, o cümlədən Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət verməyə çağırırıq".
DOSTLARINLA PAYLAŞ: