Xalidə Xalidə görə daha bir nəfər həbs edildi
13 May 2013 Bazar Ertəsi 05:46
Bu günlərdə İran rejimi azərbaycanlı milli fəallara qarşı repressiyaları daha da gücləndirib.
Bu günlərdə İran rejimi azərbaycanlı milli fəallara qarşı repressiyaları daha da gücləndirib. Makı şəhərində iki nəfər azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Saxlanılan Cahanbəxş Sultanzadə və Behnam Baqirinin ailəsi onların durumu ilə bağlı vəziyyəti öyrənmək üçün Makının ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə müraciət ediblər.

Lakin onlar ETTELAAT məmurları tərəfindən təhqir edilib və döyülüblər. GünAz TV-nin mətbuat mərkəzinin “Oyannews”a istinadən yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri C.Sultanzadənin evində axtarış aparıb və azərbaycanlı fəala aid kitablar, əlyazmalar, kompüteri müsadirə ediblər.

Bu arada məlum olub ki, xiyavlı (Meşkinşəhrli) milli-mədəni fəal, güney azərbaycanlı yazar İlqar Müəzzinzadənin həbsi AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas Xalidə Xalidin həbsi ilə bağlıdır. “Oyannews”un yaydığı məlumatda əlavə bilgi verilməyib. Qeyd edək ki, İ.Müəzzinzadə mayın 8-də Meşkinşəhr (Xiyav) şəhərində həbs edilib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları onun yaşadığı ata evinə hücum edərək axtarış aparmaq istəyiblər. Lakin azərbaycanlı fəalın qardaşı Ehsan Müəzzinzadə məmurların qanunsuz şəkildə evə daxil olmasına etiraz edib. Bu səbəbdən məmurlar tərəfindən döyülən E.Müəzzinzadə də həbs olunub. Daha sonra ETTELAAT əməkdaşları evdə axtarış aparıb, azərbaycanlı yazara məxsus kompüteri, kitabları və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar. Mayın 9-da isə E.Müəzzinzadə azadlığa buraxılıb.

AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Onlarla birlikdə Məhəmməd Rəşidi, aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxs də həbs edilib.

Hazırda Azərbaycan Respublikasının iki vətəndaşının və azərbaycanlı fəal Məhəmməd Rəşidinin harada saxlanıldıqları məlum deyil. Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxsdir. Fərhadi soyadlı şəxsin İran Qızıl Aypara Cəmiyyətinin Təbrizdəki aptekinin müdiri olduğu bildirilir. Azadlığa buraxılmış şəxslərə qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamı irəli sürülüb. Ehsan Müəzzinzadə təhlükəsizlik qüvvələri tərəfindən işgəncə edilib. İ.Müəzzinzadənin qardaşı Ehsan Müəzzinzadə bir gün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanıldıqdan sonra azadlığa buraxılıb.

Azərbaycanlı fəal mayın 9-da işgəncələrə məruz qalıb və döyüldükdən sonra azadlığa buraxılıb. Onun yaxınlarından birinin verdiyi məlumata görə, hazırda azərbaycanlı fəal çətinliklə yeriyə bilir və onun bədənində işgəncələrin izi hələdə görünməkdədir. Qeyd edək ki, adını çəkdiyimiz xiyavlı (Meşkinşəhrli) milli-mədəni fəal, ETTELAAT məmurlarını onun qardaşı İlqarı yaxalamaq üçün evə buraxmayıb və müqavimət göstərib. Bu səbəbdən də ETTELAAT məmurları xüsusi təhlükəsizlik qüvvələrini çağırıb və onu dəyənəklə döyərək, hər iki qardaşı tutuqlayıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar