Quş qripi yenə də tapılmadı
28 Dekabr 2012 Cümə 18:21
Dövlət Baytarlıq Xidmətinin monitorinq müayinələri başa çatıb.
Dekabrın 17-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 16 baş çöl quşunun, 10 baş ev quşunun patoloji materialları, eləcə də ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 2072 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar olaraq Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.
Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.
Xatırladırıq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.
Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda Dövlət Baytarlıq Xidməti xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.
Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yanvarın 21-də başlanması nəzərdə tutulur.
Hal-hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
DOSTLARINLA PAYLAŞ: