Niderlanddan Azərbaycana unikal hədiyyə
10 May 2013 Cümə 08:13
Bu ölkədə xrizantem gülünün "Azəri" növü yetişdirilib.
Niderlandın "DufoA" ("Azərbaycanın hollandiyalı dostları") cəmiyyəti xrizantem gülünün (payızgülü) "Azəri" növünü yetişdirməklə Azərbaycan xalqına unukal hədiyyə təqdim edib.
"Xrizantem xüsusi olaraq bunun üçün seçilib. Çünki bu çiçək Azərbaycan xalqının xarakterinə uyğun gəlir və müdriklik, uzunömürlülük və sağlamlığı tərənnüm edir. Bu gül Azərbasycan xalqının rifahına öz töhfəsini verən hər kəsə təşəkkür rəmzidir. "DufoA" cəmiyyətinin direktoru, xanım Marion van der Vext Trend-ə deyib: ""Azəri" çiçəyi harada doğulmasından asılı olmayaraq, öz milləti ilə fəxr edən hər bir azərbaycanlının şərəfinə yetişdirilib".
O qeyd edib ki, Niderland Krallığının tarixində ilk dəfə olaraq çiçəyin konkret şəxslərə deyil, məhz ayrıca xalqın şərəfinə adlandırılması barədə sertfikat verilib.
Mayın 10-da Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi şərəfinə keçiriləcək Gül bayramında "DufoA" cəmiyyəti ayrıca stendlə iştirak edəcək. Stenddə krallığın bu hədiyyəsi Azərbaycan xalqına təqdim ediləcək.
Cəmiyyətin əvvəlki layihələri sırasında "DufoA"nın təklifi ilə böyük lider Heydər Əliyevin şərəfinə adlandırılan yeni zanbaq növü də var. Müvafiq sertfikat 2009-cu il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.
2011-ci ilin mayında isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adının daha bir zanbaq növünə verilməsi barədə sertfikat təqdim edilib.
Marion van der Vext bildirib ki, uşaqlıq dövründən etibarən onun qəlbində Qafqaz xalqlarına qarşı sevgi yaşayır: "2008-ci ildə Bakıya konfransa dəvət olunmaq şərəfi mənə nəsib olanda, öz uşaqlıq arzularımı xatırlayaraq çox xoşbəxt idim. Təəccüblü deyil ki, Azərbaycana ilk gəlişim zamanı bu ölkəyə, təmiz qəlbi, zəngin mədəniyyəti və səxavətli qonaqpərvərliyi olan bu xalqa vuruldum. Niderlanda qayıdarkən əmin oldum ki, həmvətənlərimə bu ecazkar ölkə barədə danışmalıyam. Və mən həmvətənlərimin bu ölkəyə marağını hər cür dəstəkləməyə və inkişaf etdirməyə hazır olan bütün entuziast insanları bir araya gətirdim".
"DufoA" cəmiyyəti fəaliyyət göstərdiyi illər ərzində bir sıra mədəni tədbirlər təşkil edib və keçirib. Onların sırasında sərgi və konsertlər də olub. Bu təşkilatın sayəsində Azərbaycan Niderlandda müxtəlif tədbirlərdə - Güllər festivalında, şərab sərgisində iştirak etdi. Həmin tədbirlərdə bu ölkənin sakinləri Azərbaycanla daha yaxından tanış olmaq imkanı əldə etdilər.
"DufoA"nın layihələri arasında Xocalıda baş vermiş hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Haaqada Sülh Sarayı kitabxanasına milyonlarla imzanın olduğu kitabların hədiyyə edilməsi də var.
Həmçinin cəmiyyətin mühüm layihələrindən biri BMT-nin İnsan Haqları Məhkəməsinin (Haaqa tribunalı) fəaliyyət göstərdiyi Sülh Sarayının qapıları önündə "Azərbaycan Daşı"nın yerləşdirilməsidir. Bu yerdə, Sülh Sarayının qapıları önündə dünyanın 196 ölkəsindən gətirilmiş "Daş"lar yerləşdirilib.
Cəmiyyətin direktorunun sözlərinə görə, Azərbaycan Daşının Sülh Sarayının qapıları önündə yerləşdirilməsi çətin tapşırıq idi. Çünki bununla bağlı xüsusi komissiya tərəfindən ölkənin tarixi və son illər orada baş verən hadisələrin ciddi qiymətləndirilməsi aparılır.
Marion van der Vext əmindir ki, "DufoA"nın fəaliyyəti Niderland və Azərbaycan arasında sülhün və əməkdaşlığın çiçəklənməsinə kömək edəcək.
DOSTLARINLA PAYLAŞ: