Neftçalada nələr olur?
29 Yanvar 2013 Çərşənbə Axşamı 01:45
Polis rəisi: Tam sakitlikdir, heç bir gərginlik, narahatlıq yoxdur.
“Neftçalada tam sakitlikdir, heç bir gərginlik, narahatlıq yoxdur. Polis normal rejimdə işini davam etdirir. Nəinki indi, ümumiyyətlə, gün ərzində heç bir aksiya, kütləvi tədbir qeydə alınmayıb”. Bunu APA-ya açıqlamasında Neftçala rayonunun polis rəisi Rza Hacıyev bu rayonda gərginlik olması ilə bağlı bəzi mətbuat orqanlarında və sosial şəbəkərlərdə yayılmış məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, Neftçalada həyat öz axarı ilə davam edir: Heç bir aksiya yoxdu, olmayıb da. Hər kəs öz işində-gücündədir. Rayonun polis rəisi kimi bəyan edirəm ki, burda hər şey qaydasındadır”.

R. Hacıyev həmçinin ötən gecə rayonun baş memarın avtomobilinin yandırılması barədə yayılan məlumatların da doğru olmadığını vurğulayıb: “Bu xəbər də yalandır. Heç kimin avtomobilini yandırmayıblar. Mən başa düşə bilmirəm, bu yalan informasiyalar haradan qaynaqlanır?”

Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəşad Zeynalov da APA-ya bildirib ki, onlar hazırda və gün ərzində heç bir aksiya keçirməyiblər: “Dünən (yanvarın 27-də) bir qrup sahibkar rayon mərkəzindəki bəzi obyektlərin sökülməsi barədə qərarla əlaqədar İcra Hakimiyyətində olduq. Bizə obyektlərin plana düşdüyünü söyləmişdilər, biz isə belə olacağı təqdirdə kompensasiya istədik. Orda bizimlə danışıq aparıldı, hələlik söküntü aparılmır. Məsələ yalnız bundan ibarətdir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar