“Xocalıya Ədalət” kampaniyası çərçivəsində növbəti tədbir keçirilib.
Moskvada Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib. “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası çərçivəsində keçirilən tədbir Heydər Əliyev Fondu, Ümumrusiya Azərbaycan Kongresi və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən təşkil olunub. Xocalı qurbanlarının xatirəsini canlandıran rəsmin qarşısına çiçəklər qoyulub və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra Xocalı faciəsini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı faciəsinin Azərbaycan xalqı üçün çox ağır bir gün olduğunu bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə bir gün bütün dünya dövlətlərinin Xocalı soyqırımını mütləq tanıyacaqlarına inandığını söyləyib.
Tədbirdə Xocalı faciəsinin dünyaya tanıdılmasında Milli Qəhrəman Çingiz Mustafayevin də müstəsna rolunun olduğu vurğulanıb. Daha sonra tədbir iştirakçıları Bakıdan gələn uşaq evi sakinlərinin əl işi olan “Xocalı-Mərhəmət” adlı rəsm sərgisini də izləyiblər. Uşaq evinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Azərbaycan gerbi və bayrağının təsvir olunduğu rəsm əsərini təqdim ediblər.