Litva parlamentindən Azərbaycanı əsəbiləşdirəcək addım
14 Mart 2013 Cümə Axşamı 21:29
Söhbət erməni separatçıları ilə parlamentlərarası qrupunun yaradılmasından gedir.
Bu gün Litva parlamentinin plenar iclasında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimlə parlamentlərarası qrupunun yaradılması rəsmi elan olunub. ANS PRESS-in “DELFİ”yə istinadən verdiyi məlumata görə, iclasda sədrlik edən Vitautas Qapşis qrupun yaradılması barədə bəyanatı elan etdikdən sonra deputatları qrupa qoşulmağa dəvət edib və bu qrupun planlaşdırdığı ilk iclası barədə məlumat verib.
Litvanın keçmiş XİN rəhbəri Aundronyus Ajubalis bu qərarla bağlı hiddətlə qeyd edib ki, bu cür qrupun yaradılması Litvanın rəsmi xarici siyasətinə ciddi xələl gətirir. ”Siz indi elan etdiyiniz bəyanat Seymin, Xarici İşlər Komitənin (XİK) tövsiyələrinə, Nizamnaməsinə, idarəçiliyinə ziddir. Seym parlamentlərarası qrupları beynəlxalq səviyyədə tanınmış dövlətlərlə bağlayır. Bu vəziyyətdə isə Seymdə bu cür qrup yaradıla bilməz, bu cür hallar bizim parlamenti və Litva dövlətini müəmmalı vəziyyətə sürükləyir və biz bu vəziyyətdə siyasi oyunların və Qafqazdan olan milli azlıqlarla qarşıdurmaların meydanına çevrilirik”.
Qeyd edək ki, bu ilin fevralın 27-də Azərbaycanın Litvadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Etiraz notası Litva Seyminin bir qrup üzvünün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimlə dostluq qrupu yaradılması təşəbbüsü ilə bağlı olub.
DOSTLARINLA PAYLAŞ: