Qeyri-rəsmi statistikaya görə, Azərbaycanda təxminən 500 nəfər küçə uşağı var.
Müharibə şəraitində yaşayan bir ölkədə uşaq hüquqlarının qorunması prioritet məsələdir. Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir. Ötən ilin mart ayında erməni snayperi tərəfindən qətlə yetirilən Fariz Bədəlovun qatilinin cəzasız qalması dünyada uşaq hüquqlarının qorunmasının hələ də lazımi səviyyədə olmadığına işarədir.
Azərbaycanda uşaqların müdafiəsi üçün görülən tədbirlərə baxmayaraq, bu gün küçələrdə yaşayan kifayət qədər uşaq var. Ən acınacaqlısı isə məhz bu uşaqların insan alverçilərinin qurbanına çevrilməsidir. Qeyri-rəsmi statistikaya görə, bu gün Azərbaycanda küçə uşaqlarının sayı təxminən 500 nəfərdir ki, onların da 60 faizindən çoxu paytaxtın payına düşür. Orta yaşı əsasən 15 olan küçə uşaqlarının 85 faizi yerli ailələrə, 3 faizi məcburi köçkün ailələrinə, 12 faizi isə əcnəbi ailələrə məxsusdur. Küçə uşaqlarının sayı fəsillərə görə də dəyişir. Əsasən yayda onların sayı daha çox olur. Çünki bu mövsümdə həmin uşaqlara qaraçı kimi tanıdığımız Roman tayfalarından olan azyaşlılar da qoşulur.
Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova isə Azərbaycanda küçə uşağı probleminin deyil, küçədə işləyən uşaqlar probleminin olduğunu deyir. Uşaqların küçədə işlədilməsi isə onların valideynlərinin birbaşa təşəbbüsü ilə həyata keçirilir. Millət vəkili bunun qanunla tənzimləndiyini, belə valideyndlərə qarşı cinayət məsuliyyətinin nəzərdə tutulduğunu bildirir. Gülər Əhmədova küçədə işləyən uşaqların əksəriyyətinin məktəbdən yayınan şagirdlər olduğunu deyir.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsindən isə dedilər ki, küçə uşaqları ilə bağlı vəziyyət 10 il əvvəllə müqayisədə müsbətə doğru dəyişsə də, hələ də görüləsi tədbirlərə ehtiyac var. Qanunvericilikdə valideynlərə qarşı sərt tədbirlərin nəzərdə tutulmadığından küçələrdən yığılıb ailələrə verilən uşaqlar bir müddətdən sonra yenidən küçə həyatına qayıdırlar. Küçə uşaqlarından bəziləri isə sonradan insan alverinin qurbanına çevrilirlər. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilən məlumata görə, bu il uşaq alveri ilə bağlı 1 fakt aşkarlanıb. Keçirilən əməliyyat zamanı uşaq satan şəxslər saxlanılıb.