Kiyevdə Xocalı aksiyası baş tutub
26 Fevral 2013 Çərşənbə Axşamı 18:06
Aksiya BMT və ATƏT binası qarşısında keçirilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində həyata keçirdiyi silsilə tədbirlər BMT-in və ATƏT-in Kiyev şəhərindəki nümayəndəlikləri qarşısında etiraz aksiyası ilə davam etdirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Ukraynanın müxtəlif vilayət və şəhərlərində yaşayan azərbaycanlı gənclər və Ukrayna Azərbaycanlıları Konqresinin fəalları Kiyevin mərkəzi küçələri ilə yürüş edərək BMT və ATƏT nümayəndəlikləri qarşısında toplaşıblar. Mitinq iştirakçıları əllərində Azərbaycan və Ukrayna bayraqlarını, “Xocalıya ədalət”, “Erməni işğalına son qoyulsun!” , Dağlıq Qarabağ qeyd-şərtsiz işğaldan azad olumalıdır”, “Mən evimə - Qarabağa getmək istəyirəm” yazılan plakatlar tutublar.

Aksiya iştirakçıları aradan 21 il ötməsinə baxmayaraq, hələ də ermənilərin Xocalı şəhərində törətdiyi insanlığa sığmayan bu cinayətə hüquqi və siyasi qiymət verməyən beynəlxalq təşkilatları ədalətli olmağa çağırıblar: “Beynəlxalq təşkilatlar və dünya birliyi ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinə vaxtında hüquqi-siyasi qiymət verməsə, gələcək nəsillər qarşısında bu faciəni törədənlər qədər məsuliyyət daşıyacaq”.

Etiraz aksiyasına qoşulan, türk, tatar və ukraynalı gənclər də Xocalı soyqırımına qiymət verməkdə dünya birliyini cəsarətli addım atmağa çağırıblar. Etiraz aksiyasında ATƏT-in və BMT-in Ukraynadakı nümayəndəliklərinin təmsilçiləri ilə görüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Konqresin Ali Məclisinin sədri Akif Gülməmmədov və Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov nüfuzlu beynəlxalq təşkilatların indiyədək erməni işğalina və təcavüzünə göz yummasını tarixi ədalətsizlik kimi qiymətləndirib, beynəlxalq qurumları Dağlıq Qarabağ məsələsinə ikili standartlar prizmasindan yanaşmalarına son qoymalarını tələb ediblər.

2 saat davam edən etiraz aksiyası Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ukryna Azərbaycanlıları Konqresinin birgə hazırladıqları qətnamənin BMT və ATƏT-in Ukraynadakı nümayəndəliklərinə təqdim olunması ilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar