İsmayıllı hadiseleri - son vəziyyət
25 Yanvar 2013 Cümə 11:48
İsmayıllı hadiseleri haqqında son vəziyyət. İcra Hakimiyyətinin ətrafı və mərkəzi küçələr təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.
Ötən gündən vəziyyətin gərginləşdiyi İsmayıllı rayonunda hazırda sakitlikdir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayon ərazisində hüquq-mühafizə orqanları sakitliyin təmin edilməsi istiqamətində nəzarət aparır. İcra Hakimiyyətinin ətrafı və mərkəzi küçələr təhlükəsizlik qüvvələrinin nəzarətindədir. İcra Hakimiyyətinin yaxınlığında polis avtobusları və xüsusi maşınlar dayanıb.
Rayonda mağazalar normal iş qrafiki ilə işləyir. Küçədə insanlar rahat şəkildə hərəkət edirlər. Avtomobillərin hərəkətində də heç bir maneə yaradılmayıb.
Xatırladaq ki, yanvarın 24-də saat 22.20 radələrində İsmayıllı şəhərində insident baş verib. Yüksək sürətlə hərəkət edən "Chevrolet Camaro" avtomobili şəhərə girişdəki yol ayırıcında dairəyə çırpılıb. Avtomobilin içindən bir neçə gənc çıxıb və hadisə yerinə yığılan yerli əhali onların arasında Emil və Vüqarı tanıyıblar. Bunlar yaxınlığda yerləşən "Çiraq" Motelinin meneceri ve onun dostları olub.
Hadisə yerinə toplaşan əhalinin sözlərinə görə, yardım etmək məqsədi ilə toplaşan İsmayıllı sakinləri motelin meneceri Emil tərəfindən qəzəblə qarşılanıb və o toplaşanları əxlaqsız və təhqiramiz söyüşlərlə təhqir edib.
Bu ifadələrə dözməyən bir sıra yerli sakin Emil ilə Vüqara etirazlarını bildirərək, onları sakit olmağa çağırıblar. Lakin buna cavab olaraq motel meneceri Emil toplaşanları “Makarov” tipli tapança ilə hədələyib, yenidən təhqir edib. Sakinlərin dediyinə görə, ətrafdakılar silahlı və sərxoş adamların xətasından qorxub onları tərkisilah ediblər, Emil ilə Vüqarı döyüblər. Qışqırıq və söyüşlərə hadisə yerinə insanlar yığışmağa başlayıb. Döyülmüş və xəsarət almış motel meneceri və onun dostları hadisə yerindən qaçmağa müfəffəq olublar. ANS PRESS-in hadisə yerindəki əməkdaşlarının məlumatına görə, xəsarət alanlardan biri rayon xəstəxanasında, digərləri isə polis idarəsində sığınacaq tapıblar.
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələrilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq aparılır.
DOSTLARINLA PAYLAŞ: