İran Azərbaycana nota verib
01 Aprel 2013 Bazar Ertəsi 09:58
Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilməsinə etiraz olaraq Azərbaycan Respublikasına nota verib.
Səfirliyin mətbuat xidmətinin sədri Seyid Məhəmməd Ayətullahi belə bir toplantının keçirilməsini pisləməklə yanaşı qeyd edib ki, Tehranın Bakı ilə dotluq münasibətlərinin mökəmləndirilməsinə yönəlik siyasəti və Azərbaycan Respublikasının daxili işlərinə qarışmamağa sadiq qalmasına rəğmən, anti-iran ünsürlərin Azərbaycan Respublikasında təhqiredici və düşmən hərəkətlərdə bulunaraq, İran İslam Respublikasına qarşı əsassız olaraq ərazi iddiası irəli sürüblər.
Ayətullahi qeyd edib ki, İran İslam Respublikası sözügedən toplantı ilə əlaqədar olaraq narahatlığını rəsmi surətdə Azərbaycan Respublikasına bildirib.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, martın 31-də Azərbaycanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran xarici işlər nazirinin müavini Abbas Əraqçi Azərbaycan səfirinə etiraz məktubu verib. Məktubda bildirilib ki, həmin tədbirdə İranın ərazi bütövlüyü və Tehran hakimiyyətinə qarşı fikirlər səsləndirilib. Azərbaycan dövlətinin bu tədbirin keçirilməsinin qarşısının alınması üçün lazımi tədbir görməməsinə də etiraz bildirilib.
Qeyd edək ki, tədbirdə Milli Məclis deputatları, ictimai-siyasi xadimlər, partiya təmsilçiləri, ekspertlər, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən qurumların üzvləri, xaricdə fəaliyyət göstərən güney azərbaycanlıların hüquq müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “İran dövləti böhran içində”, professor Nəsib Nəsibli “Güney Azərbaycan - milli mübarizənin perspektivləri”, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor əvəzi Ramiz Məmmədov “Urmiya göllünün problemləri” mövzusunda çıxış ediblər. Politoloq Vəfa Quluzadə, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev, Bütöv Azərbaycan Hərəkatının sədri Yasəmən Qaraqoyunlu və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.
DOSTLARINLA PAYLAŞ: