Partlayış nəticəsində yerdə transfarmatorlar, kompüter şəbəkəsi və mobil əlaqə pozula bilər.
NASA həyəcan təbili çalır. Günəşdə güclü partlayış olacaq. Bu isə insanların səhhətinə, peyk vasitəsilə idarə olunan sistemlərin işinə təsirsiz ötüşməyəcək. ANS Şamaxı rəsədxanası ilə əlaqə saxlayıb günəşdəki partlayışın Azərbaycana təsirinin hansı səviyyədə olacağı ilə maraqlanıb.
NASA yaxın sutka ərzində günəşdə baş verəcək partlayışın miqyasına görə əvvəlkilərlə müqayisədə on dəfələrlə böyük olacağını ehtimal edir. Belə ki, nəhəng günəş ləkəsində iyulun 2-də plazma atılması olub. Partlayışın təsiri planetimizdə 10-11 iyul tarixlərində hiss olunacaq.
Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev ölkəmizdə partlayışın təsirinin o qədər güclü olmayacağını deyir.
Meteohəssas insanların səhhətinin pozulma riski bu aralarda arta bilər. Belə ki, həmin gün orqanizmin bioritminin pozulması, depressiya hallarının artması mümkündür. Ürək-damar sistemində problemi olanların da ehtiyatlı olması lazımdır. Buna görə də meteohəssas insanların səhər saat 11.00-dan axşam saat 17.00-dək evdən küçəyə çıxmamaları məsləhətdir.
Qida qəbuluna gəlincə isə meteohəssas insanların yağlı deyil, daha çox meyvə-tərəvəz, göyərti, ümumiyyətlə bir qədər yüngül qidalar qəbul etmələri məsləhətdir. Spirtli içkilərin qəbul olunması isə qəti əks göstərişdir.
Onu da deyək ki, bu partlayış təkcə insanlara deyil, həm də radioəlaqəyə də təsir göstərir. Belə ki, partlayış nəticəsində yerdə transfarmatorlar, kompüter şəbəkəsi və mobil əlaqə pozula bilər.
Xatırladaq ki, sonuncu dəfə 1959-cu ildə müşahidə edilən ən güclü maqnit qasırğası nəticəsində bütün planetin teleqraf əlaqəsi sıradan çıxmışdı.