Gənclər noyabrın son həftəsini unutmayacaqlar
07 Noyabr 2012 Çərşənbə 11:33
Bakıda gənclərin II Respublika Toplantısı keçiriləcək.
Noyabrın 26-30-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, toplantı yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə keçirilir. Artıq tədbirin Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil Nazirliklərinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət Təşkilat Komitəsi yaradılıb.
Qeyd edək ki, ilk dəfə 2007-ci ildə keçirilmiş toplantı yaradıcı gənclər üçün onların problemlərinin müzakirəsi, müxtəlif təkliflər ilə çıxış etmək və qərar qəbuletmə prosesində iştirak üçün platforma rolunu oynayır.
Həftə ərzində Toplantı öz işinə günün birinci yarısı keçiriləcək plenar iclaslar ilə başlayacaq. Hər gün yaradıcı gənclər aidiyyəti üzrə plenar iclaslarda iştirak edəcək, dövlət rəsmiləri, yaradıcılıq ittifaqlarının nümayəndələri ilə görüşəcək və fikir mübadiləsi apara biləcəklər. Onu da qeyd edək ki, iclaslarda həm paytaxt Bakıdan, həm də respublikanın bütün şəhər və rayonlarından olan yaradıcı gənclərin iştirakı gözlənilir. 5 gün davam edəcək iclaslar yekun iclas ilə başa çatacaq.
Günün ikinci yarısında əcnəbi incəsənət xadimlərinin iştirakı ilə tematik xarakterli master klasslar keçiriləcək. Master-klasslar musiqi, ədəbiyyat, moda, təsviri sənət, foto, kino kimi incəsənət sahələrini əhatə edəcək.
Toplantı çərçivəsində həyata keçiriləcək maraqlı layihələrdən biri də əməkdar artist Tünzalə Ağayevanın təqdimatı ilə keçiriləcək “Gənc ifaçıların yaradıcılıq axşamı” adlı layihədir. Layihədə iştirak edəcək gənc ifaçılar 3 gün ərzində öz yaradıcılıqlarını musiqisevərlərə təqdim edəcəklər.
Həftə ərzində keçiriləcək müxtəlif tədbirlər – “START” Tələbələrin Beynəlxalq Film Festivalı, “Gənc istedad 2012” təsviri sənət sərgisi, gənc modelyerlərin “Art fashion” moda nümayişi, Beynəlxalq Rəqs Festivalı da gənclərin böyük marağına səbəb olacaq.
DOSTLARINLA PAYLAŞ: