Bəzi Gəncə sakinləri artıq 2 gündür ki, elektrik enerjisiz qalıb
Bəzi Gəncə sakinləri artıq 2 gündür ki, elektrik enerjisiz qalıb. Səbəb Regional Elektrik Şəbəkəsinin kabel kanallarının sıradan çıxmasıdır. Şəhərin Əli Nəzmi, M.A.Abbaszadə küçəsi, Atatürk prospektinin bir hissəsi, Məhrəsə bağı, Bağbanlar deyilən ərazisinin sakinləri soyuq qış gününü işıqsız başa vurublar. Regional Elektrik Şəbəkəsinin işçiləri kabellərin sıradan çıxma səbəbini 24 saatdan çox müddətdə müəyyən edə bilməyiblər.
Gəncə Regional Elektrik Şəbəkəsindən verilən məlumata görə, nazaslıq ucbatından 2 əsas yarımstansıya gərginliksiz qalıb. Ona görə də enerjinin verilməsində 1 sutkalıq fasilə yaranıb. Ötürücü kabellərin zədələnmə səbəbi isə hələ də məlum deyil.
Qeyd edim ki, elektrik enerjisinin olmadığı müddətdə şəhərin mərkəzi küçələrinin bir neçəsində işıqforlar işləməyib. Lakin bu səbəbdən hər hansı yol nəqliyyat hadisəsi qeydə alınmayıb.