Ermənistanı ermənilərə dar edəcəm
17 Noyabr 2012 Şənbə 03:15
Xocalı soyqırımına etiraz edən səyyah bu dəfə İrəvana piyada yürüş edəcək.
“İşğal etdikləri torpaqlardan çıxana qədər Ermənistanı ermənilərə dar edəcəyəm”. Bu sözləri bu ilin mart ayında Xocalı soyqırımına etiraz etmək üçün Ankaradan Bakıya piyada yürüş edən Azərbaycan əslli Türkiyə vətəndaşı Qələndər Bayramlı deyib. Məlumata görə, etirazçı səyyah növbəti yürüşünü Ermənistanın paytaxtı İrəvana edəcək. Məqsədinin yenə də Xocalı soyqırımına etiraz olduğunu deyən Bayramlı ermənilərdən qorxmadığını vurğulayıb.
Qeyd edək ki, noyabrın 21-də yürüşə başlamağı planlaşdıran 59 yaşlı səyyahın hədəfi, Xoclı soyqırımının baş verdiyi 25-26 fevral tarixlərdə İrəvana çatmaqdır. Bu səfərin təhlükəli olduğunu bildiyini deyən Bayramlı İrəvanda öldürülməyəcəyi təqdirdə yürüşlərə davam edəcəyini bildirib. “İşğal olunan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması üçün İrəvana gedəcəyəm. Orda məni öldürməsələr, sağ qalsam ayaqlarım tutana qədər yürüşlərə davam edəcəyəm. İşğal etdikləri torpaqlardan çıxana qədər ermənilərə Ermənistanı dar edəcəyəm. Çətin olacağını bilirəm. Amma inandığım üçün heç bir problem yoxdur. Torpağım üçün ölsəm nə olacaq ki”.
Yürüşdə iştirak etmək üçün ona çoxlu müraciətlər olduğunu deyən Qələndər Bayramlı bunun fərdi aksiya olduğunu bildirib. “Mənimlə bərabər yürüşə başlamaq üçün 1 300 müraciət olub. Mən bunun fərdi aksiya olduğunu, hamının fərdi olaraq etirazını bldirməsinin daha yaxşı olacağını dedim. Bu yürüş vaxtı Ermənistanda öldürülməkdən qorxmuram”.
Xatırladaq ki, Azərbaycanı çox sevdiyini deyən Qələndər Bayramlının Azər və Baycan adlı iki övladı, birinin adı Gəncə olan 3 nəvəsi var.
DOSTLARINLA PAYLAŞ: