Dünya aclıq astanasındadır?
23 İyul 2012 Bazar Ertəsi 10:02
ABŞ-da quraqlıq kənd təsərrüfatı məhsullarının qiymətinin rekord həddədək qalxmasına səbəb olub.
Dünyanın ən böyük kənd təsərrüfatı məhsulları ixracatçısı olan Amerika Birləşmiş Ştatları son 50 ilin ən quraq mövsümünü yaşayır. Quraqlığın başqa ölkələrə də təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Belə ki, ABŞ-da quraqlıq dünya ölkələrində də qida məhsullarının qiymətini rekord həddədək artırır, dolayısı ilə qida böhranı bütün dünyaya təsir edir.

Dünyanın 1 nömrəli qarğıdalı, lobya və buğda ixracatçısı olan ABŞ-da quraqlıq artıq qarğıdalı və lobyanın qiymətinin rekord səviyyəyə qalxmasına səbəb olub. Qarğıdalının 1 kiloqramı ABŞ tarixində ilk dəfə 8 dollar həddini keçib. Analitiklər qarğıdalı qiymətinin 10 dollaradək bahalaşacağını proqnozlaşdırırlar. Bu isə digər qarğıdalı ixracatçılarının tələbatını artırıb. Belə ki, ildə 5 milyon ton qarğıdalı ixrac edən Çində bu il bu rəqəmin 8 milyon tona çatdırılacağı bildirilir. Yaponiya isə bu ilə planlaşdırdığı 15,5 milyon ton qarğıdalının miqdarını 16 milyon tona çatdıracaq.

ABŞ-da lobyanın qiyməti ilə bağlı vəziyyət də ürəkaçan deyil. Lobyanın qiyməti dünya tarixində rekord həddə - 17 dollar 11 sentə çatıb. Buğdanın qiyməti isə 50 faizdən çox artıb. Sürətlə artan qiymətin dünyanın 30 ölkəsində qida üsyanlarının baş verdiyi 2007-2008-ci illər qida böhranına bənzər bir böhranın baş verməsi təhlükəsini yaradıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar