Baş prokuror ABŞ səfirinə müraciət edib
29 Mart 2013 Cümə 12:52
Məktubda deyilir ki, mətbuatda MDİ-nin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub.
Baş prokuror Zakir Qaralov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə "bizimyolinfo.com"a Xarici İşlər Nazirliyindəki mənbədən məlumat verilib. Məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub.

Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Qrant haqqında" Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda"sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövr başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilib.

Nümayəndəliyin rəhbəri Aleks Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib.

Məlumata görə, Milli Demokratiya İnstitutu pulları nağd şəkildə paylayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar