Bakıda torpaq bahalaşıb
30 May 2012 Çərşənbə 21:33
Ən çox qiymət artımı Qaradağ rayonunda qeydə alınıb.
Bu ilin aprel ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, köhnə yaşayış evlərinin sökülməsi tendensiyası artmaqda davam edib. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempində aktivlik müşahidə edilib.

Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə, dövlət tərəfindən sosial və mədəni obyektlərin tikintisinə daha çox rast gəlinib. Regionların sosial-iqtisadi inkişaf proqramı və Bakı şəhərində həyata keçirilən tədbirlər planı ilə bağlı bu tendensiya daha da dərinləşməkdə, infrastruktur tikintisinin coğrafiyası daha da genişlənməkdə davam edib.

Bazara təklif olunan ümumi 756,4 ha torpaq sahəsinin 79,8 faizini boş sahə, qalanını isə qeyri-yaşayış və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin sayının çox olmasına baxmayaraq, aparılan söküntü işləri ilə bağlı, xüsusilə də şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə söküntüyə məruz qalan mənzil və fərdi yaşayış evlərinin hesabına torpaq sahələrinə tələbin artımı bazarda təklif üzrə orta qiymət artımına təsir göstərib (0.6 faiz).

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası aprel ayında tikinti tempinin artımı hesabına bir qədər də dərinləşib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə artım qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən müsbətə doğru dəyişib.

Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması hesabına, mərkəzdən kənar ərazilərdə isə tələbin artımı hesabına qiymətlər artmaqda davam edir. Son dövrlər paytaxtda mənzil söküntüsünün aparılması, şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsi, şəhərdaxili köhnə yaşayış massivlərinin söküntüsü hesabına fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələb çoxalıb və bu da öz növbəsində qiymətlərin artımına təsir edib.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 2.3 faiz azalıb, buna müvafiq olaraq əmlakın bu növü üzrə risk dərəcələrinin azalması müşahidə olunmaqdadır.

Aprel ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə artım qeydə alınıbdır. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14875 $/sot səviyyəsindən 0,6 faiz artaraq 14966 $/sot təşkil edib və il yarım əvvəl qeydə alınmış göstəricini ötüb. Qiymət artımının əsas səbəbi paytaxtda mənzil söküntüsünün aparılmasının fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələbi artırması olub.

Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin artmasına səbəb olub. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə azalıb. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini azaldıb. Buna baxmayaraq fərdi-yaşayış evlərinin və torpaq sahələrinin sənədləşdirilməsindəki problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən atılan addımlar torpaq üzərində aparılan əməliyyatlara hələ də mənfi təsir göstərməkdədir.

Aprel ayında Bakı şəhəri üzrə əksər rayonlarda qiymət artımı qeydə alınıb. Ən çox qiymət artımı Qaradağ rayonunda (2.1 faiz) qeydə alınıb.

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında ən aktiv rayonlar sırasına Binəqədi və Qaradağ rayonlarını aid etmək olar. Ən passiv rayon isə Nərimanov rayonudur. Aprel ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 350000$sot Nəsimi (Çay fabrikinin yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350$sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar