Bakıda daha bir otel açıldı.
21 Dekabr 2012 Cümə 20:21
İlham Əliyev “Azəryol” voleybol klubunun inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azəryol” voleybol klubunun inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə inzibati binada yaradılan şəraitlə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, müasir memarlıq üslubunda ən son texnologiyalar əsasında inşa olunan binanın tikintisinə ötən il başlanılıb. Binanın layihəsi 2009-cu ildə Kölndə keçirilən memarlıq sərgisində ən yaxşı layihələrdən biri seçilib. Tikinti işlərinə azərbaycanlı və xarici mütəxəssislər cəlb ediliblər.
Binada ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də veteran voleybolçuların fotolarını əks etdirən stendlər yaradılıb. Burada inzibati otaqlar, iki VİP tamaşaçı lojası, müasir avadanlıqla təchiz edilmiş konfrans zalı, 100 nəfərlik yeməkxana, tibbi yardım və digər otaqlar var.
Bildirilib ki, iki min tamaşaçı tutumu olan meydançada müasir tablo quraşdırılıb. Bu tablo Avropa Voleybol Konfederasiyası tərəfindən bütün federasiyalara nümunə kimi tövsiyə olunub.
Prezident İlham Əliyev burada “Azəryol”, “Azərreyl”, “Lokomotiv” və “Telekom” voleybol komandalarının oyunçuları və məşqçiləri ilə görüşüb. Dövlət başçısına Azərbaycan Voleybol Federasiyasının hədiyyə topu və üzərində idmançıların imzaları olan voleybol topu hədiyyə edilib.
Sonra prezident İlham Əliyev “Azəryol” otelində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, altımərtəbəli oteldə ikisi VİP olmaqla 36 nömrə, restoran və kafeteriya var.
Yaradılan şəraitdən razılığını bildirən dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
DOSTLARINLA PAYLAŞ: