Azərbaycanda 2000-ə yaxın uşağın məcburi əməyə cəlb olunduğu deyilir.
Bu gün paytaxtın küçələrində, tıxacda olan zaman yolda və ya metro girişlərində dilənən, əməyə cəlb olunan uşaqlara asanlıqla rast gəlmək mümkündür. Ancaq araşdırmalar göstərir ki, bu dilənən uşaqlar əksər hallarda, ya ailənin sosial çətinliyini aradan qaldırmaq üçün küçələrdə pul qazanır, ya da məcburi əməyə cəlb olunurlar.
Belə qəhrəmanlarımızdan biri 12 yaşlı İsmayıldı. Deyir artıq 3 ildir ki, atası həbsə düşdüyündən küçədə maşın yumaqla pul qazanır.
20 yanvar metrosunun həndəvərində dilənən iki qızcığazı isə danışdırmaq istəyimiz baş tutmadı. Pullarını alıb qaçdılar.
Ekspertlər problemin həlli kimi, uşaq qaydalarının sərtləşdirilməsini təklif edirlər. Bura valideynlərin, sahibkarların və eləcə də, dövlətin məsuliyyətinin artırılması daxildir.
Məsələn, Avropa ölkələrinin bir çoxunda uşaq əməyindən istifadəyə görə, hətta valideynlikdən məhrumetməyə qədər cəzalar mövcuddur. Bundan başqa, həmin uşaqları məcburi əməkdən qurtarmaq üçün onların ailələrinə dövlət tərəfindən xüsusi yardımların verilməsi də mümkündür.
Rəsmi statistikaya görə, bu gün Azərbaycanda istismara məruz qalan uşaqların sayı 400-ə qədər göstərilsə də, qeyri-rəsmi mənbələrə görə, bu rəqəm hətta 2000-ə qədərdir.