Baba Pünhanın doğum günüdür
05 Noyabr 2012 Bazar Ertəsi 01:28
Satirik şair dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləri ilə üsyan edib
Bu gün müasir Azərbaycan satira ədəbiyyatının görkəmli nümayəndəsi Baba Pünhanın (Atababa Seyidəli oğlu Mədətzadə) doğum günüdür.
O, 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1955-ci ildə M. Ə. Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25 il müddətində həmin yerdə işləyib.
Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlayıb, nəzm formasında bir neçə poema, sərbəst şer məhəbbəti ruhlu qəzəllər yazıb. Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcmli şeir və qəzəlləri çap olunub.
1990-cı illərdə lirikaya satirik ruh gətirməklə satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edir. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Sonralar "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetində "Danabaş kəndinin Bakı filialı" rubrikası altında çap olunub.
1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub. 1996-cı il “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib.
1998-ci il noyabr ayının 5-də “Vahid evi”ndə onun 50 illik yubileyi keçirilib. Həmin il ANS telekanalının “Qulp” verlişinə dəvət alıb. Bu verilişdə “Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın ünsiyyət yaradıb.
1998-ci il “21-ci gənclik dərgisi”, 1999-cu il “Azərbaycan jurnalı”, 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və “İRS-nasledie” Beynəlxalq Azərbaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünə məxsus yer tutaraq çap olunub.
2000-ci il Həcc ziyarətinə gedib. Gələndən sonra Mərkəzi Kliniki Xəstəxanada ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb.
3 noyabr 2000-ci ildə B.Pünhanın “Acı həqiqət” kitabı ilk dəfə işıq üzü görüb. 2000-ci ildə “Azərbaycan” jurnalı tərəfindən “Hikmət Ziya” adına mükafat alıb. 2000-ci il sentyabr ayında “Yalan çeynəyə-çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. 2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki...” kitabı oxuculara təqdim olunub. 2004-cü il “Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.
2004-cü il aprelin 5-də Mərkəzi Kliniki Xəstəxanada ürəyində yenidən kiçik əməliyyat aparılıb. Aprelin 7-də evə buraxılıb, səhəri gün isə halı pisləşib və koma vəziyyətinə düşüb. 9 gün komada süni tənəffüslə saxlanılıb. Aprelin 17-i Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib.
DOSTLARINLA PAYLAŞ: