Azərbaycanda son vəziyyət və ABŞ maraqları
24 Aprel 2013 Çərşənbə 21:25
Amerika Birləşmiş Ştatlarının Konqresi eyni adlı hesabat hazırlayıb.
“Azərbaycanda son vəziyyət və ABŞ maraqları” adlanan hesabat Azərbaycanın 1918-ci ildə ilk dəfə müstəqil qazanmasından bəri bu günədək keçdiyi inkişaf yolunu təhlil edir. Azərbaycanın qonşu ölkələr arasında ən sıx əlaqələrinin Türkiyə və Gürcüstan ilə olması, lakin bu və digər ölkələrlə əlaqələrinin formalaşmasında Dağlıq Qarabağla bağlı mövqenin həlledici olduğu vurğulanır.
Qeyd edilir ki, 2013-ci ilin yanvarında prezident seçkiləri kampaniyası dövründə prezident Serj Sarkisyan Ermənistanı Dağlıq Qarabağın müstəqilliyini tanımamağa çağırıb. Belə ki, onun sözlərinə görə, bu, sülh danışıqlarına son qoymuş olardı. Bu, Ermənistanın Dağlıq Qarabağ məsələsində dəyişən mövqeyindən xəbər verir.
Azərbaycanla Ermənistan arasında digər gərginlik anı Dağlıq Qarabağla Ermənistan arasında hava koridorunun açılmasıdır. Azərbaycan rəsmiləri bildiriblər ki, Bakının icazəsi olmadan uçuş həyata keçirən və ölkənin hava məkanını pozan təyyarələr vurulub yerə salına bilər. Ermənistan isə öz obyektlərinin təhlükəsizliyini müdafiqə etmək iqtidarında olduğunu bildirib. Hesabatda Azərbaycanın Xarici İşlər Nazirinin müavini Araz Əzimovun bu sözlərindən sitat gətirirlir ki, Azərbaycan mülki təyyaələri vurub yerə salmayacaq, onları aşağı endirməyə çalışacaq və bu məsələdə Beynəlxalq Mülki Aviasiyaya dair Konvensiyanın şərtlərinə əməl edəcək.
Karnegi Fondunun Qarabağ münaqişəsi üzrə eksperti Tom De Vaal hesab edir ki, bu hesabat Konqresdəki qüvvələr balansını dəyişməyəcək: “Konqresdə güclü erməni lobbisi var. Eyni zamanda, Azərbaycanla münasibətlərdə maraqlı olan konqresmenlər var. Onların marağının səbəbləri daha çox Azərbaycanın Əfqanıstana göstərdiyi yardım ve enerji ehtiyatları ilə bağlıdır. Məhz bu amillərə görə, onlar Azərbaycanla əlaqələrin güclənməsini istəyirlər”.
Müvafiq sənəddə Azərbaycandakı yardım proqramlarının nə dərəcədə səmərəli olmasına, Azərbaycanla gələcək münasibətlərə dair Administrasiyaya məsləhətlər də verilir. Bu məsləhətlərdə Azərbaycanla strateji əməkdaşlıq münasibətlərini davam etdirilməsi tövsiyyə olunur. Hesabatda, həmçinin, deyilir ki, ABŞ prezidenti Azərbaycan hökumətinə birbaşa yardımı qadağan edən 907-ci maddənin qüvvəsini ilbəil dayandırır, lakin bu, Azərbaycanın beynəlxalq terrora qarşı mübarizədə iştirakı ilə şərtləndirilib.
DOSTLARINLA PAYLAŞ: