Azərbaycanda Gənclər günüdür
02 Fevral 2013 Şənbə 00:38
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub
Fevralın 2-si Azərbaycanda Gənclər günüdür. Bu gün 1997-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib.
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali kateqoriyası gənc sayılır. Hazırda ölkə əhalisinin 31 faizi, yəni, təxminən 2,799 milyon nəfəri gənclərdir və bu gün onların bayramıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, gənclər arasında kişi və qadınların payı demək olar ki eynidir. Gənc əhalinin 53 faizi şəhərdə, 47 faizi isə kənddə yaşayır. Müasir Azərbaycan gəncliyində ali təhsillilərin payı isə 60 faizdən çoxdur. Amma onların heç də hamısı işlə təmin olunmayıb. Bununla belə, gənclərin başqa problemləri da var.
DOSTLARINLA PAYLAŞ: