Azərbaycan hərbçilərinə xüsusi status verilə bilər
05 Mart 2013 Çərşənbə Axşamı 08:41
Beynəlxalq təhlükəsizliyin qorunmasında qəhrəmanlıq göstərən hərbçilərimizə “Milli Qəhrəman” adının verilməsi təklif olunur.
Azərbaycandan xarici ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak edənlərə xüsusi statusların verilməsi gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanuna əlavələr edilə bilər. Məqsəd ölkə hüdudlarından kənarda beynəlxalq təhlükəsizlik sistemində xidmət edərək dövlətin maraqlarına qulluq edən əsgər və zabitlərin xidmətlərinin qiymətləndirilməsinin qanunvericilikdə təsbit edilməsidir. Layihədə həmin hərbçilərin xidmətlərinə hansı qiymətin verilməsi, buna görə onların xidməti dərəcələrinin ölçülməsi ilə bağlı meyarlar müəyyənləşəcək.

Eyni zamanda beynəlxalq miqyasda sülhməramlı xidmət zamanı həlak olanlara xüsusi statusların verilməsi nəzərdə tutulur. Təkliflər arasında beynəlxalq təhlükəsizliyin qorunmasında qəhrəmanlıq göstərən Azərbaycan hərbçilərinə “Milli Qəhrəman” adının verilməsi də var.

Bundan başqa, layihədə beynəlxalq miqyasda sülhməramlı qüvvələrdə xidmətini başa vuran hərbçilərə xüsusi mükəlləfiyyətin verilməsi, ev və digər sosial müavinətlərlə təminat məsələləri də əksini tapacaq.

Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar