Azərbaycan Ermənistanı məhkəməyə verir
06 İyun 2013 Cümə Axşamı 16:53
İlkin hesablamalara görə, ölkəmizə 300 milyard dollardan artıq zərər dəyib.
Azərbaycan işğal nəticəsində vurduğu zərərə görə təzminatın ödənməsi üçün Ermənistanı beynəlxalq məhkəməyə verəcək. APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Ə. Həsənovun sözlərinə görə, artıq beynəlxalq ekspertlərin iştirakı ilə qiymətləndirmələr aparılır, dəyən zərərin miqyası müəyyənləşdirilir. İlkin hesablamalara görə, Azərbaycana 300 milyard dollardan artıq zərər dəyib: "Azərbaycan prezidentinin tapşırığı belədir ki, qiymətləndirmə beynəlxalq səviyyədə olmalıdır. Sənədin hazırlanmasında Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası iştirak edir. Sənəd Azərbaycan alimlərinin, iqtisadçılarının, QHT-lərin iştirakı ilə beynəlxalq qiymətləndiricilər tərəfindən hazırlanacaq. Azərbaycan hökuməti bu sənədin hazırlanmasına müdaxilə etmir və etməyəcək. Sənəd tam hazır olandan sonra Azərbaycan tərəfi təzminat tələbini irəli sürəcək. Ermənistan bunu ödəyə biləcək, bilməyəcək, öz işidir. Ermənilər neçə illərdir, tək işğal altındakı ərazilərin faydalı qazıntılarını çıxarmırlar, orada qalan digər sərvətlərimiz hesabına dolanırlar".

Ə. Həsənov ermənilərin Zəngilandakı təbii çinar meşəsini məhv etdiklərini də deyib: "Bizdə olan məlumata görə, 7-8 il əvvəl, Tehran meri ermənilərdən hər bir körpə çinar ağacı üçün 100 dollar verməklə min çinar ağacı alıb və aparıb Tehranda əkdirib. Xankəndi və İrəvanda da o çinarların körpə tinglərindən əkiblər. Çinar meşəsinin özünü isə tamamilə məhv edib, ağaclarda tikinti materialı kimi istifadə ediblər".

Baş nazirin müavini deyib ki, Azərbaycan tərəfinin indiyədək bu addımı atmamasının səbəbi Ermənistandan münaqişənin həlli istiqamətində hansısa fəaliyyət gözləntisi olub: "Lakin onlardan bunu görmədik və belə qərara gəldik".

Ə. Həsənov bildirib ki, dəyən iqtisadi zərərin bərpası mümkün olsa da, dəyən mənəvi zərəri bərpa etmək mümkün deyil.

Ə. Həsənov qeyd edib ki, beynəlxalq təşkilatların, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar 20 ildir kağız üzərində qalır: "Biz istəmirik ki, beynəlxalq qiymətləndiricilərin hazırladıqları sənəd də belə olsun. Kimdənsə xahiş etmirik ki, bizə kömək etsin, xahiş edirik ki, ədalətli olsun".

Baş nazirin müavini beynəlxalq aləmin ermənilərin hərəkətlərinə göz yumduğunu ifadə edib: "Bizim dini abidələrimizi dağıdırlar, təhqir edirlər, buna göz yumurlar, əmlakımızı daşıyırlar, göz yumurlar. Bunlar dünyada hökm sürən ədalətsizliyin nəticəsidir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar